Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından

Azərbaycan Milli İncəsənət Muzeyində 21 noyabr 2016-cı il saat 19:00-da Fransanın Total neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilir.

Dünyanın yeddi supermajor neft şirkətindən biri olan Total neft-qaz şirkətinin əsası   1924-cü ildə “Fransız neft şirkəti” adı altında qoyulmuşdur. 130-dan çox ölkədə fəaliyyət göstərən Total bu il Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edir.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşez, Total-ın baş icraçı direktoru və sədri Patrik Puyanne, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyev, Totalın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal, BP-nin Azərbaycan üzrə regional prezidenti Qordon Birrell, Azərbaycan və Fransanın mədəniyyət, dövlət və ictimai xadimləri iştirak edəcək.

Total neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin ildönümü ilə bağlı Total şirkətinin baş icraçı direktoru və sədri Patrik Puyanne Azərbaycana ilk səfəridir.

Fransanın Total neft-qaz şirkətinin dəstəyi sayəsində baş tutan bu sərgi Azərbaycanla Fransa arasında günü-gündən intensivləşən mədəni əməkdaşlıqdan xəbər verir, eyni zamanda Fransa və Azərbaycanın inkişaf etdirmək məqsədli mədəni əlaqələr çərçivəsinə daxildir.

Tədbir çərçivəsində dəvət olunan qonaqlar üçün Fransanın Total neft-qaz şirkətinin sponsorluğu ilə keçiriləcək “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin ilkin, qapalı nümayişi baş tutacaq.

Qeyd edək ki, sərgi Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir.  “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

Sərgi ictimaiyyət üçün 26 noyabr 2016-cı il tarixindən 26 yanvar 2017-ci il tarixinədək açıq olacaq.

Zəngin və rəngarəng kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyi, toplusunda xüsusi yer tutan fransız bədii mədəniyyətini sənətsevərlərə təqdim edir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisində fransız rəssam, heykəltəraş, qravür və sənətkarlarının yüksək yaradıcılıq ənənələri, ideyaları müxtəlif texnikalarda yaratdıqları təsviri və dekorativ tətbiqi sənət əsərlərində tam, dolğun şəkildə əkş olunmuşdur.

Hazırda muzeyin Fransa incəsənətinə aid olan kolleksiyası 300-dən artıq sənət əsərindən ibarətdir. Sərgidə kolleksiyanın bir qismi nümayiş olunur.

Sərginin xronoloji çərçivəsi XVII əsrdən XX əsrin əvvəllərinə qədərki dövrü əhatə edir. Görkəmli rəssamlar Jül Düpre, Konstan Jan Benjamin, Danyan Paskal Buvre, Qaspar Düqenin tabloları, Jan Dallen, Pyer Dreve, Jak Kallo, Şarl Klemon, Nikolya Larjomi, Robert Qaymer kimi tanınmış ustaların qravürləri, məşhur heykəltəraşlar Klod Mişel Klodion, Jan Antuan Qudon, Etyen Moris Falkone, Mari Rozali Bonerin mərmər və tuncdan yaratdığı heykəl və kompozisiyaları yüksək bədii məzmunu, ifadəliyi, mükəmməl kompozisiya həlli ilə diqqəti cəlb edir. Sərgidə, həmçinin XVIII əsrdən çini istehsalında bədii  ifadə dərəcəsi və üslub mükəmməlliyi ilə xarakterizə olunan Fransanın Sevr manufakturası, Duqoti, Nast, Solxer, Föyye və digər zavodlarının nadir və qiymətli nümunələri təqdim olunur. Mebel, xüsusən də məşhur “Bul” markasına məxsus nümunələr, saatlar, müxtəlif metal məmulatlar, tikmə və qobelen kolleksiyası, həmçinin qadın geyiminin ayrılmaz hissəsi və həqiqi sənət əsəri sayılan yelpiklər toplusu kifayət qədər maraqlıdır.

Tədbir, Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcəkdir.

   

Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisi açılıb

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi açılıb.

Sərgidə mədəniyyət və incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbiri giriş sözüylə açan Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərgi haqda qısa bilgi verdi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında məşhur rəssam, rəngkar və qrafik Maral Rəhmanzadənin incəsənət tariximizdə tutduğu yerdən bəhs etdi. Bildirdi ki, rəssam xalqımızın çoxəsrlik mədəniyyətində özünə əbədilik qazanmış şəxsiyyətlərdəndir. Nazir müavini sağlığında Maral xanımla bir neçə dəfə görüşdüyünü, həmin görüşlərin onun yaddaşında gözəl xatirələrlə qaldığını vurğuladı.

Qeyd etdi ki, rəssamın yaradıcılığında Azərbaycan təbiəti, məişəti, doğma yurdun bütün gözəllikləri böyük ustalıq və bədiiliklə, sevgiylə tərənnüm olunub. Bunun nəticəsidir ki, ilk qadın rəssamlarımızdan olan M.Rəhmanzadə yaradıcılığı ilə özündən sonra xalqı üçün böyük mənəvi sərvət qoyub gedib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov görkəmli fırça ustası ilə səmimi, doğma münasibətindən, onun zəngin yaradıcılığından, öz sənətinə olan vurğunluğundan danışdı. Vurğuladı ki, Maral Rəhmanzadənin əsərlərində doğma yurda bağlılıq, əsrarəngiz təbiətinə dərindən vurğunluq onun əsərlərini hər zaman tamaşaçı üçün əbədiyaşar edir.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov da Maral xanımın rəssamlıq tarixindəki uca mövqeyindən söz açdı. Bildirdi ki, M.Rəhmanzadəni Azərbaycanın ən ucqar kəndlərində belə yaxşı tanıyırdılar. Rəssam ömrünün sonuna qədər yaradıcılığına sadiq qalıb, fırça və kətandan ayrılmayıb. O, Neft daşlarından əsərlər çəkən ilk rəssam olub.

Rəssamın ailəsi adından danışan professor Ceyran Mahmudova sərginin təşkilinə görə əməyi keçən hər kəsə, tədbirə gələn bütün sənətsevərlərə minnətdarlığını bildirdi.

Sərgi noyabrın 19-da başa çatacaq.

   

17 noyabr - milli birlik, oyanış günü

17 noyabr - Milli Dirçəliş Günüdür, bu gün Azərbaycanın müstəqilliyinin bərpasında önəmli və tarix rol oynayır. Azərbaycan Milli İncəsənət Muzeyində  bu münasibətilə “17 noyabr-milli birlik, oyanış günü” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova bayram münasibətilə təbrik etdi. Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı keçirilən tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdi. Şagirdlərin ifasında A.Zeynallı, A.Məlikov, H.Rzayev, N.Əliverdiyev və A.Bəbirov kimi bəstəkarların əsərləri səsləndirildi.

Daha sonra şagirdlərə muzeyin Elmi-bərpa şöbəsinin müdiri Natiq Səfərovun rəhbərliyi uşaqlara “ustad dərsi” keçirildi.

 

   

Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilir.

Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunacaqdır.

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuş, 1934-1940-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir.

Milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan Maral Rəhmanzadə, təsviri sənətimizin zəngin ənənələrini davam etdirmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr vermişdir. Mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olmuşdur.

Maral Rəhmanzadə qrafika sahəsində xüsusilə məhsuldar çalışmışdır. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilmişdir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilərək müəllifinə rəğbət qazandırmışdır. Doğma yurdun təbii gözəlliklərini sevməyə və qorumağa çağıran həmin əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır.

Maral Rəhmanzadə kitab qrafikası sahəsində diqqətəlayiq fəaliyyət göstərmişdir. Onun xüsusən klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya əsərlərin məzmunu və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olmuşdur. Rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə son dərəcə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan diliylə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biri idi. Sənətkarın ümumən zəhmət adamlarının, o cümlədən dəniz neftçilərinin rəşadətli əməyindən bəhs edən tabloları mövzu genişliyi, palitra əlvanlığı və məzmun dolğunluğu ilə seçilir.

Maral Rəhmanzadənin geniş diapazonlu yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilmiş, o cümlədən "Şöhrət" ordeninə layiq görülmüşdür.

Sərgidə rəssamın “Dağ mənzərəsi”, “Göy-göl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları” kimi 85-ə yaxın əsərləri nümayiş olunur.

Tədbirin açılış mərasimi 15 noyabr 2016-ci il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək və noyabrın 19-dək davam edəcək.

   

Səhifə 9 > 37-dəan