Tbilisidə Ömər Eldarov və Merab Merabişvilinin əsərlərinin fotosərgisi açılıb

2017-ci ilin iyunun 16-da Tbilisidə Simon Canaşiya adına Gürcüstanın Milli Muzeyində qeyri-adi formatda Azərbaycan və Gürcüstanın heykəltaraş-patriarxları Ömər Eldarov və Merab Merabişvilinin əsərlərinin fotoşəkillərindən ibarət "Dostluq" sərginin açılışı oldu.

Ustad heykəltəraşların yaratdıqları əsərlərin fotoları tamaşaçıya miqyasına görə təqdimetmə üslubunu özləri diktə etdilər. Ekspozisiyanın bu cür maraqlı tərtibatı Gürcüstan Mədəni Birliyi, Gürcüstan Milli Muzeyi və Azərbaycan Mili İncəsənət Muzeyinin dəstəyi ilə “XXI Mədəni Dialoq” Assosiasiyası tərəfindən həyata keçirilmişdir. Təşkilatçılar iki Zaqafqaziya dövlətinin mədəniyyət və incəsənətinin nə dərəcədə yaxın olduğunu təcəssüm etdirməyi qarşısına məqsəd qoymuşdular.

Foto sərginin açılış mərasimində çıxış edən Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü David Lordkipanidze və Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev vurğulayıblar ki, bu kimi tədbirlər iki qonşu dövlətin sıx dostluq əlaqələrini möhkəmləndirməklə yanaşı, özündə heç bir sərhəd tanımayan mədəniyyətlərarası dialoqun universal dili kimi də xüsusi ismarıc daşıyır. Yaradıcı insanlar daima sistemdən kənarda qalırlar. Onlar üçün Gözəllik və Bədii ideya yeganə meyardır. Əsərləri xeyli sayda dövlət mükafatı ilə təltif olunmuş beynəlxalq nüfuzlü heykəltaraşlar - Ömər Eldarov və Merab Merabişvili buna parlaq nümunədir.

Hər iki heykəltəraş öz yaradıcılıqları ilə nəinki Ustad, həmçinin Patriarx və Patriot adına layiqdirlər. Onlar daima milli incəsənəti: Ömər Eldarov – Azərbaycanı, Merab Merabişvil i- Gürcüstanı təbliğ etmişlər.

Tbilisdə keçirilən bu sərgi 29 iyun tarixinədək davam edəcək, daha sonra ekspozisiya Azərbaycan Milli incəsənət Muzeyində nümayiş olunacaq.

   

“Hədəf:Bahar” foto sərgisi açılıb

Mayın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan təbiətinin gözəlliklərinə, onun rayonlarının landşaft müxtəlifliyinə həsr olunmuş “Hədəf: Bahar” foto sərgisi açılıb.

Bahar ilin elə bir zamanıdır ki, hətta boz səhralar çiçəklənir, təbiət pardaq və əlvan güllü xalçaya bürünür.

Azərbaycan - tamamilə zidd təbii zonalarının məcmusu üzrə unikal ölkədir, burada heyrətamiz təbiət müxtəlifliklərini görmək mümkündür: səhra, çöl, tropik plantasiyalar, qayalıq, dəniz sahili, yayla, dağ çəmənləri, yüksək dağ meşələri, rəngarəng çiçəklənən naxışlarla örtülmüş əzəmətli düzənliklər.

Vernisajı Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova açaraq məhz fotorəssamaların bu sərgi üçün müxtəlif regionlarımıza səfər etdiyini, onların fotolarda Azərbaycan baharının heyrətamiz rəngarəngliyini yaradıcılıq baxışları ilə təcəssüm etdiklərini qeyd edib. Daha sonra X. Əsədova foto müəllifləri qonaqlara təqdim edib.

Sərginin kuratoru Rüstəm Hüseynov bildirib ki, sözlə dilə gətirə bilmədiklərini, fotonun dili ilə göstərməyə çalışıb. Layihənin məqsədinin Azərbaycan təbii mirasının gözəlliklərini və müxtəlifliyini foto vasitəsilə nümayiş etdirmək, həmçinin rayonların turizm potensialına maraq artırmaq və mənzərə fotoqrafiyasına incəsənətin bir janrı kimi diqqəti cəlb etmək olduğunu vurğulayıb. 
Sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanan vernisajda fotorəssamlar Rüstəm Hüseynov, İlkin Kəngərli, Emil Qazi və Denis Sveçnikov Azərbaycan baharının ən gözəl anlarını əks etdirmişlər.


   

Britaniyalı rəssamın “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi açılıb

Azərbaycan Milli İncəsənət Muzeyində Böyük Britaniya rəssamı Edvard Tvoxiqin “İçərişəhərin 100 görüntüsü” adlı sərgisi açılıb.

Açılış mərasimində muzeyin Elmi araşdırmalar şöbəsinin müdiri Toğrul Əfəndiyev, “British Council” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Elizabet Vayt rəssam haqqında məlumat veriblər. Bildirilib ki, Edvard Tvoxiq 1969-cu ildə İrlandiyada anadan olub. Kroford İncəsənət və Dizayn Kollecində təhsil alıb. Çelsi İncəsənət Kollecində qravüra və fotoqrafiya sənəti üzrə ixtisaslaşıb, burada o, Britaniya Şurasından təqaüd alan ilk irlandiyalı tələbə olub.

Diqqətə çatdırılıb ki, Edvard Tvoxiq rəssamlıqla yanaşı, Vellinqton İncəsənət Kollecinə rəhbərlik edir. Oymaçı Rəssamların London Kral Cəmiyyətinin həqiqi üzvü, Banksayd Qalereyasının hamisidir. O, ingilis yazıçısı, rəssam və mütəfəkkir C.Raskinin: “Siz incəsənətin nəyi əks etdirdiyini sevməsəniz, heç vaxt onu dərindən sevə bilməzsiniz” fikrinə inanır. Rəssam əsərlərini təbiətdən ilhamlanaraq bilavasitə naturadan yaradır, sonra yadında qalan məqamlar əsasında kompozisiyalarını tamamlayır. O, təbiətin gözəlliyini rəsm, fotoqrafiya, xüsusən də rəssamın xətt ustalığını göstərən quru iynə texnikasında təcəssüm etdirir. Bleyk, Ravilious və Semuel Palmerin təsirinin duyulduğu bu qravüralar ingilis pastoral ənənəsinə mühüm töhfədir.

Qeyd olunub ki, Edvard Tvoxiqin “Yer üzü və xətt” (Berstou qalereyası,Brayton), “Təbiətin tərənnümü” (Berkşir), “Görünən poeziya” (İrlandiya Respublikası), “Gözəl mənzərə” (Saffolk), “Edvard Tvoxiq Bakıda və Azərbaycanda” (Bakı) adlı fərdi sərgiləri keçirilib.

Edvard Tvoxiq sərginin təşkilinə görə təşəkkürünü bildirib və rəsmləri barədə məlumat verib.


   

“Pəncərədən düşən işıq” adlı şeir və musiqi gecəsi

Mayın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində “Pəncərə” klubunun təqdimatında “Pəncərədən düşən işıq” adlı şeir və musiqi gecəsi keçirildi. 
Tədbirdə ölkənin görkəmli ziyalıları, sənət adamları, o cümlədən Xalq yazıçıları Anar, yazıçı İlqar Fəhmi, şair Səlim Babullaoğlu, Əməkdar artistlər Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, ASAN 100 FM-in direktoru Emin Musəvi, həmçinin Bakının ali məktəblərinin tələbələri Azərbaycan və dünya poeziyasından seçmələr səsləndirdilər. Gecədə, eyni zamanda pianoçular, BMA-nın professoru Nərgiz Əliyarova və BMA-nın dosenti Elnarə Kəbirlinskaya Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar ifa etdilər. Tədbirin əsas qayəsi gənc nəsildə mütaliəyə və klassik musiqiyə həvəs oyatmaqdır.

   

Səhifə 2 > 37-dəan