“İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqə

BP Azərbaycan şirkətinin sponsurluğu ilə  23 oktyabr 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “İncəsənət fotoqrafların gözü ilə” adlı 2-ci foto-müsabiqəyə yekun  vuruldu. Heç bir yaş məhdudiyyəti qoyulmayan müsabiqədə peşəkar fotoqraflarla yanaşı, həvəskar fotoqraflar da iştirak ediblər. Tədbirdə çıxış edən BP neft şirkətininin mətbuat xidmətinin rəhbəri  Tamam Bayatlı şirkətin Azərbaycanda olduğu 20 ildən artıq bir dövr ərzində Azərbaycanın zəngin mədəni irsinin və incəsənətinin təbliğatçısı kimi dəstək verdiyi bir sıra mühüm layihələrdən, Azərbaycan Milli İncəsənət Muzeyi  ilə BP Azərbaycan şirkəti arasında uzun müddətli əməkdaşlıqdan söhbət açaraq, “İncəsənət fotoqrafların gözü ilə” adlı layihənin həyata keçirilməsində yaradılan şəraitə görə muzeyin rəhbərliyinə təşəkkürünü bildirmişdir. Keçirilən rəsmi təqdimat mərasimində  3 qalibə mükafatlar təqdim edilmiş, həmçinin bütün iştirakçılara Azərbaycan Milli İncəsənət Muzeyi adından "Təşəkkürnamə"ilə təltif olunmuşdur. Rəsmi hissədən sonra, muzeyin sərgi salonunda müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgi nümayiş olunaraq, geniş tamaşaçı auditoriyasının ixtiyarına verilmişdir.

Fotoqraf: Ələkbər Ağasiyev

   

"Sülh naminə Daş"

Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyası və bu ölkənin "Kyodo News" informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə "Sülh naminə Daş" adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə edib. Oktyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində xatirə simvolunun təqdimat mərasimi keçirildi.  Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, II Dünya müharibəsinin sonunda Yaponiyanın Xirosima şəhərinə nüvə bombasının atılması bəşəriyyət tarixində ən böyük faciələrdən biridir. 200 mindən artıq insanın həlak olduğu həmin faciədən 70 il keçsə də, hələ də acı nəticələri yaşanmaqdadır. Yalnız 1960-cı ildə Xirosima şəhəri bərpa olunaraq normal həyata qayıda bildi. Yaponiya dövləti Xirosimanı sülh şəhəri elan etdi. Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyası 1991-ci ildən dünyada sülh naminə müxtəlif layihələr həyata keçirir.  Nazir qeyd etdi ki, bu gün Azərbaycan Milli İncəsənət Muzeyinə təqdim edilən xatirə simvolu ilə bağlı layihə dünyanın bir sıra ölkələrində reallaşdırılıb. Xirosima şəhərinin dağıntıları altından çıxarılan daşlar dünyanın müxtəlif ölkələrində muzeylərdə yerləşdirilərək sülhə çağırış rəmzi daşıyır: "Azərbaycana təqdim edilən nümunənin də əhəmiyyəti var. Çünki xalqımız 25 ilə yaxındır ki, müharibə, hərbi təcavüzlə üzləşib, torpaqlarımız uğrunda çoxlu sayda qurbanlar verib. Biz müharibənin dəhşət və faciəsini yaşayan xalqlardan biriyik. Amma ölkə rəhbərliyinin apardığı siyasət daim sülhə yönəlib. Biz bu xatirə daşını muzeydə yerləşdirməklə buranı ziyarət edən hər kəsin sülhü düşünməsini istərdik. Layihənin Azərbaycanda reallaşdırılmasına görə ölkəmiz adından Yaponiya dövlətinə təşəkkürümüzü bildiririk".  Mərasimdə çıxış edən Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyasının rəhbəri Michio Umemoto layihənin həyata keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi. Çıxışlarda Yaponiya və Azərbaycan arasında mədəni, siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanaq sıx əməkdaşlıqdan məmnunluq ifadə edildi.
Sonra "Sülh naminə Daş" xatirə simvolunun açılışı oldu. Xatirə simvolunun rəsmi sənədləri Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyevə təqdim edildi.  Mərasimdə dövlət və hökumət rəsmiləri, Yaponiyanın Sülh naminə Daş Xirosima Assosiasiyasının və "Kyodo News" informasiya agentliyinin nümayəndə heyəti, Bakıda akkreditə olunmuş diplomatik korpus təmsilçiləri iştirak edirdilər.  Xatırladaq ki, II Dünya müharibəsinin son günlərində, 1945-ci ilin 6 avqustunda ABŞ hərbi aviasiyası tərəfindən Yaponiyanın Xirosima, 9 avqustda isə Naqasaki şəhərlərinə atom bombası atılıb. On minlərlə dinc insan misli görünməmiş dəhşətli faciənin qurbanına çevrilib. Xirosima və Naqasaki qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir.  Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş xatirə simvolu əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsinin monolit yonulmuş barelyefi şəklindədir.

Fotoqraf: Ələkbər Ağasiyev

   

Azərbaycan Milli İncəsənət Muzeyində təqdimat mərasimi

Yaponiyanın “Hiroşima Sülh naminə Daş Assosiasiyası” təşkilatı və Yaponiyanın “Kyodo News” informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə “Sülh naminə Daş” adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılağı ilə 2015-ci ilin 16 oktyabr tarixində saat 12.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın “Sülh naminə Daş Assosiasiyası” təşkilatı tərəfindən Azərbaycan Respublikasına hədiyyə edilmiş “Sülh naminə Daş” adlı xatirə simvolonun təqdimat mərasimi keçiriləcəkdir. Təqdimat mərasimində respublikanın dövlət və hökümət rəsmiləri, Yaponiyanın “Sülh naminə Daş Hirosima Assosiasiyası” təşkilatı və Yaponiyanın “Kyodo News” informasiya agentliyinin nümayəndə heyəti, habelə Bakı şəhərində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak edəcəklər. 1945-ci ilin 6 avqustunda Yaponiyanın Hiroşima şəhərinin səmasında atom bombası partladı. Minlərlə dinc insan bu vaxta qədər görünməmiş dəhşətli faciənin qurbanına  çevrildi. Artıq bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Xirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir. Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş daş üzərində təsvir edilən əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsi monolit yonulmuş relyefli baş şəklindədir.  İlahənin obrazı ¾ sağa doğru çevrilmiş, budda ikonoqrafiya incəsənəti ənənəsində, çiyininə tökülmüş şinyonla bəzədilmiş saçları üzərində yoqa duruşunda Buddanın təsviri yonulmuş, qulaqlarında dairəvi sırqalar, sinəsi 9 iri dairəvi muncuqlarla bəzədilmişdir. “Sülh naminə Daş” adlı xatirə simvolunun Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı Azərbaycan-Yapon mədəni əlaqələrinin inkişafına yeni töhfədir.

   

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyində olmuş, muzeyin direktoru professor Çingiz Fərzəliyevlə görüşmüşdür

1 oktyabr 2015-ci il tarixində Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyində olmuş, muzeyin direktoru professor Çingiz Fərzəliyevlə görüşmüşdür. Görüş zamanı ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də Fransa-Azərbaycan mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.  Çingiz Fərzəliyev də öz növbəsində Paskal Mönyenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli mədəni əlaqələrin inkşafındakı rolunu xüsusilə qeyd edib və səfirə gələcək fəaliyyətində uğurlar azrulamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

   

Səhifə 11 > 34-dəan