Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq Rəssamı Maral Rəhmanzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisi keçirilir.

Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərləri nümayiş olunacaqdır.

Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxumuş, 1934-1940-cı illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsilini davam etdirmişdir.

Milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan Maral Rəhmanzadə, təsviri sənətimizin zəngin ənənələrini davam etdirmiş, mənaca dolğun, təbii və yaddaqalan lövhələr yaradaraq, Azərbaycan rəssamlıq sənətinə layiqli töhfələr vermişdir. Mahir fırça ustasının müxtəlif mövzularda əsərləri mədəniyyətimiz tarixinə boyakarlığın qiymətli nümunələri kimi daxil olmuşdur.

Maral Rəhmanzadə qrafika sahəsində xüsusilə məhsuldar çalışmışdır. Onun yaratdığı silsilələrdə Azərbaycanın füsunkar təbiəti dərin emosionallıq və böyük ustalıqla tərənnüm edilmişdir. Rəssamın Vətənimizin ayrı-ayrı guşələrinin, o cümlədən Naxçıvan və Lənkəran, Şamaxı və Quba diyarlarının qədim tarix və təbiət abidələrini, əsrarəngiz mənzərələrini əks etdirən milli koloritli əsərləri qrafik elementlərin lakonikliyi və güclü səmimiyyəti ilə seçilərək müəllifinə rəğbət qazandırmışdır. Doğma yurdun təbii gözəlliklərini sevməyə və qorumağa çağıran həmin əsərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynamışdır.

Maral Rəhmanzadə kitab qrafikası sahəsində diqqətəlayiq fəaliyyət göstərmişdir. Onun xüsusən klassiklərimizdən Nizami Gəncəvinin, Şah İsmayıl Xətainin və Məhəmməd Füzulinin kitablarına verdiyi bədii tərtibatlar və çəkdiyi çoxsaylı illüstrasiyalar oxucuya əsərlərin məzmunu və qayəsinin obrazlı çatdırılmasında əhəmiyyətli vasitə olmuşdur. Rəssamın portret janrında yüksək sənətkarlıq nümunəsi sayılan əsərləri isə son dərəcə özünəməxsusluğu və nikbin ruhu ilə səciyyələnir.

Azərbaycan qadınına xas gözəlliyin, zərifliyin və zəngin mənəvi aləmin rənglərin əlvan diliylə parlaq ifadəsi Maral Rəhmanzadə yaradıcılığının başlıca xüsusiyyətlərindən biri idi. Sənətkarın ümumən zəhmət adamlarının, o cümlədən dəniz neftçilərinin rəşadətli əməyindən bəhs edən tabloları mövzu genişliyi, palitra əlvanlığı və məzmun dolğunluğu ilə seçilir.

Maral Rəhmanzadənin geniş diapazonlu yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olmuş və daim yüksək qiymətləndirilmişdir. O, milli təsviri sənətin inkişafındakı böyük xidmətlərinə görə bir çox orden və medalla təltif edilmiş, o cümlədən "Şöhrət" ordeninə layiq görülmüşdür.

Sərgidə rəssamın “Dağ mənzərəsi”, “Göy-göl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları” kimi 85-ə yaxın əsərləri nümayiş olunur.

Tədbirin açılış mərasimi 15 noyabr 2016-ci il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək və noyabrın 19-dək davam edəcək.

   

8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir və sərgi

5 mart 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Açılış mərasimində Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək, tədbirin Azərbaycan qadınlarının şərəfinə təşkil olunmuş kiçik hədiyyə olduğunu vurğulayaraq xanımlara ən xoş arzularını çatdırıdı. Konsertdə dirijor Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi nömrələri səsləndirilmişdir. Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından qadın obrazına həsr edilmiş əsərlərdən ibarət “Gözəlliyin tükənməz çalarları” adlı sərginin açılışı olmuşdur. Tədbirdə hökumət nümayəndələri, tanınmış elm və mədəniyyət xadimləri, respublikamızın siyası-ictimai və mədəni həyatında mühüm rol oynayan qadınlardan – Mədəniyyət və Turizm Nazirinin müavini Sevda xanım Məmmədəliyeva,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, millət vəkili Jalə xanım Əliyeva,  UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay xanım Əfəndiyeva və başqaları iştirak etmişlər.

Foto: Ələkbər Ağasiyev

   

Görkəmli rəssam Əyyub Hüseynovun yubiley sərgisi

Oktyabrın 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi açıldı.

Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sənətkarın həyat və yaradıcılığından bəhs edən nazir müavini deyib ki, pedaqoji fəaliyyəti ilə yanaşı, Əyyub Hüseynov daim mənzərə və portret janrlarında müxtəlif mövzularda rəngarəng tablolar yaradıb.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov və Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev çıxış edərək unudulmaz rəssamın şərəfli ömür yolundan söz açıblar.

Sərgidə rəssamın ailə kolleksiyasında, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyası fondlarında saxlanılan 55-ə yaxın rəngkarlıq və qrafik əsəri nümayiş olunur.

Sərgi 29 oktyabr tarixinədək davam edəcək.

   

Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir.

Ə.Hüseynov 1916-cı il sentyabr ayının 3-də Naxçıvanın Noraşan rayonunda  anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1935-ci ildə isə Tiflis Rəssamlıq Akademiyasını bitirmişdir. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında tamaşalara səhnə tərtibatı vermiş, eskizlər hazırlamışdır. 1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlamış, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışmışdır. Rəssam ömrünün əlli ilini gənc rəssamlar nəslinin yetişməsinə sərf etmiş və bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.

Pedaqoji fəaliyyəti ilə yanaşı Ə.Hüseynov əsərlərində daim mənzərə, portret, məişət janrlarına müraciət etmiş, müxtəlif mövzularda rəngarəng tablolar və özünəməxsus bədii xüsusiyyətləri ilə seçilən üslub yaratmışdır.

Ə.Hüseynovun çoxillik pedaqoji və bədii fəaliyyəti diqqətdən kənarda qalmamışdır. O, 1980-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.

17 aprel 1998-ci ildə dünyasını dəyişən rəssam öz ömrünü, bacarığını xalqımızın tərəqqisinə, tanınmasına və incəsənətimizin inkişafına, milli-tarixi mövzuların təbliğinə və milli xarakterə malik, dolğun azərbaycanlı obrazlarının yaradılmasına sərf etmişdir. Sonuncu sərgisi 22 noyabr 2006-cı ildə rəssamın 90 illik yubileyi münasibəti ilə Bakıda S.Bəhlulzadə adına Sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş, rəssamın həyat və yaradıcılığından bəhs edən kitab çap edilmişdir.

Sərgidə rəssamın ailə kolleksiyasında, həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Dövlət Rəsm Qalereyası fondlarında saxlanılan əsərləri nümayiş olunacaq.

Açılış mərasimi 25 oktyabr 2016-cı il tarixində, saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək və 29 oktyabr tarixinədək davam edəcəkdir.


   

Səhifə 3 > 30-dəan