Azərbaycan Dövlət İncəsənət Muzeyi, 2010

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi Bakının mərkəzində , XIX əsrin sonlarında inşa edilmiş, ən gözəl binalardan biri də -ikimərtəbəli malikanədə yerləşir.

Bakının tarixilə bağlı aparılan tədqiqatlarda xeber verdiyinə görə 1888-ci ildə bəlli olur ki, şəhərin Sadovaya küçəsi 9 ünvanında mülki mühəndis N.A fon  der Nonnenin layihəsi ilə zəngin bir bina ucaldılır. Bu – baron Rotşildin işlərini idarə edən Deburun malikanəsi idi. Ölçülərinin və yerinin uğurlu seçimi ətrafındakı tikililərin əhatəsində məhz bu binanın kompozisiyasını mənalandırır.

Vestibüldəki ağ mərmər pilləkənlər tamaşaçını yuxarı mərtəbəyə aparır. Burada nəfis kaşılı sobaları olan zəngin zallar bir-birini ardıcılıqla əvəzləyir.

Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaranmasının da maraqlı tarixi vardır. Belə ki, 1920-ci ildə əvvəlcə Azərbaycan Dövlət Muzeyi adı ilə yaradılan qurum Hacı Zeynalabdin Tağıyevin sarayında yerləşmişdir.Sonralar həmin qurumun əsasında yaradıımış bir sıra neçə müstəqil muzeylərdən biri olan İncəsənət Muzeyi 1951-ci ildən Deburun haqqında qeyd etdiyimiz malikanəsində fəaliyyət göstərir. 1992-ci ildə isə muzeyin memarlıq baxımından oxşarı olan sağ tərəfindəki bina da ona əlavə edildi. Hazırda burada müasir azərbaycan incəsənətinə aid əsərlərdən ibarət ekspozisiya və muzey fondları yerləşir.

 

Ötən ayrı-ayrı dövrlər ərzində muzeydə saxlanılan Qərbi Avropa, rus və azərbaycan rəssamlarının əsərlərindən ibarət kolleksiyalar daim zənginləşmişdir. Muzeyə, həm yerli muzeylərin, həm də Dövlət Tretyakov qalereyasının, Dövlət Rus Muzeyinin, Dövlət Ermitajının, A.S.Puşkin adına Dövlət Təsviri İncəsənət Muzeyinin, Dövlət Şərq Mədəniyyətləri muzeyinin fondlarında və s. mənbələrindən əsərlər daxil olmuşdur. Azərbaycan rəssamlarının və xalq sənətkarlarının əsərləri azərbaycan ərazisində təşkil olunan arxeoloji ekspedisiyalar, həmçinin xüsusi alqı komissiyası vasitəsilə muzeyin fondlarına qəbul edilmişdir.

Muzeydə ardıcıl olaraq elmi-tədqiqat və elmi-bərpa işləri aparılır, sərgilər, lektoriyalar, kamera musiqisi konsertləri, yubiley mərasiminə təşkil olunur. Muzey çox sayda qonaqlar qəbul edir və onlarla azərbaycan, rus, ingilis dillərində ekskursiyalar aparılır.

Dünya bədii irsində görkəmli yerlərdən birini tutan Azərbaycan incəsənəti, təbii ki, daha dolğun bir kolleksiya ilə təmsil olunmuşdur.

Qobustanın qayaüstü rəsmləri, Mingəçevirin zoomorf qabları, milli miniatür rəssamlıq əsərləri, xalçaları, keramikas və bədii metal məmulatları Azərbaycan İncəsənətinin qədimliyinin və misilsiz bədii dəyərinin sübutlarıdır. Azərbaycanın orta əsrlərə aid dairəvi və relyef plastikasının füsunkar nümunələri “Bayıl daşları” adlanan daş kitabələridir. Bu, Xəzərin suları altında qalmış müdafiə xarakterli qalanın üzlük daşlarıdır.

Ekspozisiyada daş plastika abidələri olan barelyeflər xüsusi yer almışdır. Burada barelyef  təsvirləri olan qəbir daşları və həmçinin azərbaycan ərazisində yaşamın köçəri türk tayfalarının totem sayılan at və qoç fiqurları geniş təqdim olunmuşdur.

Şəki xan sarayının və Şəkixanovların evinin divar rəsmləri tarixiliyi və bədiyiliyi ilə diqqət çəkir. Bu divar rəsmlərinin məharətlə yerinə yetirmiş sürətli ekspozisiyada əhəmiyyətli yer tutur. XIX əsrə aid həmin divar rəsmləri Usta Qəmbər Qarabağı və onun köməkçiləri Şamaxılı Əli Qulu və Qurban Əli tərəfindən işlənmişdir.

Muzey orta əsrlərə aid zəngin, dekorativ-tətbiqi incəsənət nümunələri kolleksiyasına malikdir. Bu sıradan ilk növbədə azərbaycan sənətkarlarını ölkə hüdudlarından uzaqlarda tanıtmış xalça sənətini ayrıca qeyd etmək vacibdir. Kökləri ilə əsrlərin dərinliyinə gedən xalça sənəti bu günün özündə də ticarət və firavanlıq nümunəsidir. Bir zamanlar Bakıdan, Gəncədən, Şamaxıdan, Şəkidən olan tacirlərin Qərbi Avropa bazarlarına çıxardıqları iri xalça dəstləri geniş şöhrət qazanmışdır.

Şərqdə sadə kəndlidən, yaxud sənətkardan tutmuş şah saraylarınadək xalça hər bir ailənin həyatının ayrılmaz hissəsi idi. Onların füsunkar nümunələrinə biz müsəlman şərqinin miniatür boyakarlığında da rast gəlirik. Qərbi Avropa boyakarlığının saysız əsərlərində xalçalar sarayların və kilsələrin interyerini, kralların, zadəganların ali din xadimlərinin portretlərini bəzəyirlər. Hans Memling, Hans Holbeyn, Yan Van Eyk, Bellini, Lorentso Lotto, Karlo Krivelli, Herart Terborx və bir çox başaqalarının əsərləri Qərbdə bizim xalça sənətimizin heyranlarına olduğuna sübutdur.

Azərbaycanda ənənəvi olaraq xovlu və xovsuz  (kilim, palaz, vərni, zili, sumax və s.) xalçalar toxunur. Bu xalçaların tiplərini həndəsi fiqurlar, formalar, nəbati naxışlar, stilizə edilmiş quş, heyvan təsvirləri təşkil edir. Əsas ornamental tiplər toxunduğu çoğrafi zonalara əsasən Şirvan, Quba, Qarabağ, Qazax, Gəncə Bakı, Təbriz müəyyən edilir.

Ekspozisiyada sərgilənən, XVIII əsrə aid xovsuz Qarabağ xalçaları kompozisiyaları və naxışların orijinallığı ilə diqqəti cəlb edir. Bunlar iri, həndəsi naxışlı vərni və karvan təsvirli “şəddədir”. Bu xalçalar nəfisliyi, naxışların zərifliyi və rəsmin mürəkkəbliyi ilə seçilir. Azərbaycan xalça sənətinin ən əhəmiyyətli nümunələrindən olan yüksək bədii - texniki səviyyəsi və mükəmməl kompozisiyası ilə heyratamiz təəssurat oyadan “İlin fəsilləri”xalçasıdır.

Xalçalarla yanaşı burada Azərbaycan dekorativ – tətbiqi incəsənətinin digər növləri, o cümlədən, müxtəlif texnikalarda işlənən tikmələr, bəddi metal məmulatları, bədii toxuculuq, ağac üzərində oyma, zərgərlik nümunələri və s. geniş təqdim olunmuşdur.

Qızıl işləməli “Güləbətin” tikməsi Azərbaycan ərazisində geniş yayılmışdır.Ənənəvi olaraq bu sənətin mərkəzləri Şamaxı, Şuşa, Bakı olmuşdur. Qızıl və gümüş saplarla qırmızı, yaxud yaşıl məxmər üzərində tikilən güləbətin tikmələrdə həndəsi və nəbati naxışlara üstünlük verilirdi. Papaqların və araqçınların üzərində stilizə edilmiş ləçəklərdən və ulduzdan ibarət medalyonlar və güllər şəkilində naxışlar salınırdı. Güləbətin tikməsi ilə arxalıqlar və küləcələr bəzədilirdi. Ekspozisiyadakı vitrinlərdə güləbətinlə işlənmiş müxtəlif formalı, ölçülü və təyinatlı əşyalar toplanmışdır. Burada araqçınlar, başmaqlar, daş örtükləri, daraqqabılar, saatqablar, sürmədanlar, Quran qablar, qələmdanlar və s. yerləşdirilmişdir.

Ekspozisiyanın xüsusi bir hissəsi Metal məmulatlarının nümayişi üçün ayrılmışdır. Qeyd etmək lazımdır ki, metalın bədii emalı Azərbaycanda hələ lap qədim dövrlərdən başlanmışdır. Metal məmulatları emalının ölkəmizdəki əsas mərkəzlərindən biri Lahic kəndidir. Muzeydə XVIII - XIX əsrlərə aid metal məmulatı nümunələri toplanmışdır.

O dövrün misgərləri qabları yalnız hazırlamaqla kifayətlənmirdilər. Onlar qabları döymə və cizma naxışlarla bəzəyirdilər. Naxışlar həndəsi və nəbati motivlərə  əsasən qurulurdu. Bütün bu məlumatlar formalarına və naxışlarına görə müxtəlifdir. Lahıcda istehsal olunmuş, məişətdə işlənən mis qablar xüsusi vitrinlərdə sərgilənir. Məcməilər, dolçalar, satılar, camlar, aftafa-ləyənlər, həm forma , həm dekor baxımından çox gözəldirlər.

Ağac məlumatları içərisində oymalı mücrülər və naxışlı şərbət qaşıqları diqqəti çəkir. Onlar bütöv ağac parçasından yonulur, bitki mənşəli məhlullarla boyanır və cilalanırdı.

Məlumdur ki, Şərqdə zərgərlik sənəti yüksək dəyərləndirilirdi və ayrı-ayrı dövrlərdə yüksək peşəkarlıq səviyyəsinə çatmışdı.Azərbaycan zərgərlik sənətinin kökləri minilliklərin dərinliyinə işləyən qədim tarixə malikdir. Zərgərlik mərkəzləri əsasən Bakı, Təbriz, Şamaxı, Gəncə şəhərlərində yerləşsə də,  ölkəmizdə zərgərlik məmulatlarının hazırladğı başqa mərkəzlərdə mövcud idi. Zərif, nəfis bədii əsərlər bir çox müxtəlif zərgərlik texnikalarında: döymə, zıcma, qaraltma, şəbəkə, emal, xatəmkarlıq üsulları ilə işlənirdi.

Emal, şəbəkə, qaraltma ilə bəzədilmiş qiymətli daşlardan istifadə etməklə hazırlanmış məmulatlar ustaların böyük məharəti sayəsində ərsəyə gəlmişdir. Formanın zərifliyi, daşların cilallanması və çalarlarının dürüst seçimi tamaşaçını heyran edir. Muzeyin kolleksiyalarında əsasən XIX əsrə aid olan və yüksək peşəkarlıqla işlənmiş sənət əsərləri saxlanılır. Burada kişilərə və qadınlara aid zinət əşyaları o cümlədən, kəmərlər, toqqalar, sırqalar, boyunbağlar  və s. sərgilənir. Eksponatların içərisində 1913-cü ildə Şəki zərgərinin hazırladığı olduqca maraqlıdır. Özünəməxsus məharətli üslubda hazırlanmış bu kəmər çox zərif nəbati naxışla bəzədilmişdir. Kiçik ətr qabı və tapançalar cızma və qaraltma ilə dekor edilmiş, çiçək naxışlı gümüş portsika da həmin texnikada işlənmişdir.

Dəyərli eksponatlardan ilk növbədə Şəkili usta Əbdül Həmid tərəfindən hazırlanmış kişi kəmrinin iri və qalın mərkəzi hissəsini göstərmək olar. Kəmərin mərkəzi kəsmə, cızma və gümüşdən əlavə relyeflərlə bəzədilmişdir. Yarım qiymətli daşlardan ibarət olan taxmalar isə kəməri bir qədər də zənginləşdirir.

Azərbaycan dekorativ – tətbiqi sənətinin diqqət çəkən sahələrdən biri də bədii tikmədir. Təkcə qadınlar deyil, kişilərin də sevimli məşğuliyyəti olan bu sənət ölkənin bütün ərazisində yayılmışdır. Yuxarıda qeyd etdiyimiz “Güləbətin” tikməsi ilə yanaşı, digər bədii tikmə növləri də məlumdur. Həmin növlərdən olan “Təkəldüz” əlvan ipək saplarla məxmər, tikmə, ipək üzərində işlənirdi. Xammal bazası, təbii ipək bol olan Şəki, təkəldüz sənətinin əsas mərkəzi hesab olunur. Şəki sənətkarlarının əsərləri, təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda, o cümlədən, Rusiyadan, İrandan, Türkiyədən, Əfqanıstanda da məşhur idi. Qədim sənətkarların hər biri özünün fərdi trafaret – kompozisiyaları əsasında işləyirdilər. Onların tikmələrində güllər, bitkilər, quşlar, əlvan rənglərlə təsvir edilirdi. Ekspozisiyadan qara və qırmızı tikmə üzərində ipək saplarla işlənmiş Şəki tikmələri təqdim olunmuşdur. Onların içərisində məişətdə işlənən əşyalar: çullar, örtüklər, balışlar, pərdələr vardır. Ekspozisiyada muncuqlu və piləkli tikmələrin orijinal nümunələri təqdim edilir. Həmin eksponatlardan: qadın başmaqları, saatqabılar, daraqqabılar, qəlyanqablar, çantalar, tütün qablar və b. Göstərmək olar.

Muzey həmçinin Azərbaycanın müxtəlif regionlarına aid müxtəlif tikmələrlə bəzədilmiş geyimlərdən ibarət zəngin kolleksiyaya da malikdir. Ekspozisiyada “Güləbətin” tikməsilə bəzədilmiş arxalıqlar və küləcələr, ətəkləri tikməli ipək və xara tumanlar,  əllə toxunmuş nazik tirmədən və məxmərdən tikilmiş geyimlər, eyni zamanda müxtəlif aksesuarlarda sərgilənir. Burada ölkəmizin Basqal kəndində hazırlanmış əlvan kələğayılar, qızıl tikməli araqçınlar, başmaqlar və b geyimləri kəmərlər, boyubağılar, sırğalar və s. zinət əşyaları tamamlayır.

XIX əsrin axırı – XX əsrin əvvəlinə aid edilən Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri ilə yanaşı həmin dövrün təsviri sənət əsərləri də nümayiş olunur ki, əsərlərdə artıq Qərbi Avropa və Rusiya akademik və realist məktəblərinə meyl hiss olunmağa başlayırdı.

Rus- Azərbaycan əlaqələrinin güclənməsi XIX əsr Azərbaycan İncəsənətində realizmin inkişafına təsir etmişdir. Mirzə Qədim İrəvaninin Mir –Mövsün Nəvvabın yaradıcılığı bunu təsdiq edir. Doğrudur, bu rəssamların əsərlərində, ənənəvi Şərq incəsənətinin şərti dekorativlik, istilizasiya, təmiz – lokal rənglərin üstünlüyü və s. hələ də duyulurdu.

Mirzə Qədim İrəvani (1825-1875) Azərbaycan dəzgah rəssamlığının banisi hesab olunur. Rus və fransız dillərini mükəmməl bilən M.Q.İrəvanı öz dövrünün mütərəqqi ziyalılarından idi. Onun vaxtilə İrəvanda, sərdarlar sarayı üçün yaratdığı böyük portretlər hazırda Gürcüstanın incəsənət muzeyində saxlanılır. Azərbaycan milli boyakarlıq sənətinin inkişafı yolunda rəssamın “Dərviş”, “Pəhləvan”, “Oturmuş qadın”, “Mah Tələtin portreti”əsərləri xüsusi əhəmiyyət kəsb edir.

Mirzə Qədimin müasiri, əslən Şuşadan olan Mir Mövsün Nəvvab (1833-1918)xüsusi rəssamlıq təhsili almasa da dövrünün hərtərəfli savadlı  şəxsiyyətlərindən idi. O, musiqi, muğam sənəti haqqında risalə yazmış, Azərbaycan klassik poeziyası nümunələrinə müxtəlif  ilusstrasiyalar çəkmişdir. Ekspozisiyada Mir Mövsün Nəvvabın “Teymurləngin portreti” və “Qızılgül kolu” əsərləri nümayiş etdirilir.

M.Q.İrəvani və M.M. Nəvvabla yanaşı XX əsrin əvvəllərində artıq Abbas Hüseyni və Əli bəy Hüseynzadə kimi rəssamlarda çalışırdılar. Abbas Hüseyni əsl professional idi. Muzeyin ekspozisiyasında sulu boya ilə işlədiyi , “Azərbaycanlı qadın”, “Suçu” və s. əsərləri təqdim edilmişdir. Əli bəy Hüseynzadəyə gəlincə, o yazıçı, publisist istedadlı rəssam idi. Onun yağlı boya ilə işlədiyi iki əsəri: “Bibi-Heybət məscidi” və “Şeyxülislamin portreti” müəllifin diqqət çəkən əsərlərindəndir.

XX əsrin əvvəllərində bu dövrün iki aparıcı rəssamı – Ə.Əzimzadə və B.Kəngərli realist üslubda işləyən rəssamlar kimi fəaliyyətə başladılar. Bu üslub port yaradıcılığında da əks olunmuşdur. Bəhruz Kəngərli Rus realist boyakarlığı nümunələrindən bəhrlənən ilk Azərbaycan rəssamı idi. O, Tiflisdə boyakarlıq və heykəltəraşlıq məktəbində rəssamlıq təhsili almış, böyük yaradıcılıq yolu keçmişdir.

Qısa müddət ərzində B.Kəngərli iki minə yaxın müxtəlif janrlı əsərlər, o cümlədən, mənzərələr, natürmortlar, portret yaratmışdır. Bu, rəssamın böyük istedad və yaradıcılıq enerjisinə malik olmasının bariz sübutudur. Ömrünün sonları Ermənistan qaçqınları mövzusunda yaratdığı portretlər, o cümlədən, “Qaçqın Cümşüd”, “Əfşarlı oğlan”, “Canfəda kəndindən qaçqın oğlan” və b. əsərlərdə acı bir nisgili qabarıq çatdırmağa nail olmuşdur.

Azərbaycan peşəkar rəssamlarından olan Əzim Əzimzadənin yaradıcılığında siyasi plakatla yanaşı, məişət janrı başlıca yerlərdən birini tutur. Sosial mövzularda yaratdığı əsərlərində inqilaba qədərki həyatın əlvan, obrazlı səhnələri əks etdirilir.Çox zaman rəssam qoşa əsərlər yaradır və eyni həyat hadisələrini təzadlı şəkildə təsvir edirdi. Onun “Dövlətli evində toy”  (1930 və 1931), “Dövlətli evində Ramazan” və “Kasıb evində Ramazan” (1938), “Köhnə və təzə arvad” (1935), “Qurbanlıq” (1931) və s. əsərləri bu qəbilədəndir.

Yüzilliklər ərzində püxtələşmiş milli rəssamlıq ənənələri nüasir Azərbaycan rəssamlığının formalaşmasında və inkişafında əsaslı rol oynamış, XX əsrin əvvəllərində yeni məzmunda, təsviri incəsənətin yeni növləri və janrları ilə zənginləşmişdir.

1920-ci ildə Azərbaycanın həm sosial, həm də mədəni həyatında köklü dəyişikliklər baş verir. Bir sıra Azərbaycan rəssamları da millilik problemini və bədii ifadə dilinin yeniliyi probleminin və bədii ifadə dilinin yeniliyini problemini inqilab dövrünün incəsənəti konteksində, məhz avanqard səpgidə həll etməyə çalışırlar.  Bu baxımdan Qəzənfər Xalıqovun  “Qadınlar şurası” və Salam Salamzadənin “Sap sexi” əsərləri daha çox diqqəti çəkir.

1930-cu illərdə S.Salamzadə və Q.Xalıqov kimi artıq formalaşmış rəssamlarla yanaşı Azərbaycan rəssamlığının sonrakı dövrünün klassiklərinin əsərləri muzeyin ekspozisiyasını bəzəyən M.Abdullayev, T.Tağıyev, S.Şərifzadə, B.Mirzəzadə, H.Haqverdiyev böyük coşqu ilə respublikanın bədii yaradıcılıq həyatına qoşulurlar.

Mikayıl Abdullayevin və Böyükağa Mirzəzadənin yaradıcılıqlarında portret janrı böyük yer tuturdu.Bunlar əsasən Azərbaycan ziyalılarının, bəstəkarların, rəssamların, aktyorların portretləri idi.

Bənzərsiz rəsm və kolorit ustası olan M.Abdullayev artıq 26 yaşında “Axşam” əsərini məharətli müəllifi kimi tanınmışdır. Az sonra o, yaratdığı Hindistan silsiləsinə görə C.Nehru adına beynəlxalq mükafata layiq görülmüşdür.

Yaradıcılıq həyatının əvvəlində -yəni  1930-cu illərin sonundan etibarən Tağı Tağıyev portret janrına başlıca yer vermişdir. Rəssamın böyük yaradıcılıq uğurları sırasında Bəhruz Kəngərlinin (1947) və Səttar Bəhlulzadənin (1955) portretlərini, eləcə də “Xalça ilə avtoportret”- ini göstərmək olar.

Bütün həyatı və yaradıcılığı doğma Azərbaycanın füsunkar təbiəti ilə bağlı olan Səttar Bəhlulzadə (1909-1974) vətəninin gözəlliyini, pərəstiş etdiyi Füzuli poeziyası ilə müqayisə oluna biləcək yüksək bədii coşqu ilə tərənnüm edirdi.

S.Bəhlulzadənin yaradıcılığında xüsusi yer tutan natürmortlu mənzərələr bu janrın bəlli sərhədlərini aşır, özlərinin qeyri – adi gözəlliyində, zərig kövrəkliyində ciddilik və eyni zamanda epik bir aləmə çevrilirlər.

Görkəmli Azərbaycan rəssamı Tahir Salahovun yaradıcılığı milli rəssamlıq çərçivələrinə sığmayaraq, artıq ümumdünya mədəni irsinin ayrılmaz bir hissəsinə çevrilmişdir. Rəssamın “Abşeron qadınları” (1967) və “Yeni Dəniz”(1970) kimi əsərlərində onun üslubunun əsas xüsusiyyətləri: kompozisiyanın kamilliyi, rəng həllinin bənzərsizliyi, sözün əsl mənasında klassikliyi aydın görünür.

İstedadlı rəssam Toğrul Nərimanbəyovun ilk əsərlərindən hiss olunur ki, onun yetkin yaradıcılıq dövründən müşahidə edilən azad rəng axını artıq kükrəyib- qaynayaraq xaricə axmağa hazırdır.

“Muğam” (1965) əsərində başladığı mövzunu, o “Nəğmə” (1970) əsərində davam etdirir. Moskovalı sənətşünas A.A.Kamenskinin söylədiyi kimi “onları not işarələri ilə qeyd etmək olardı”. Rəssamın 1970-ci illərdə yaratdığı əsərləri arasında “Bakı avtoportreti” (1979) xüsusi yer tutur. Bu əsər bizim avtoportretin ənənəvi formaları haqqında olan təsəvvürlərimizi alt-üst edir. Fantaziyasının qanadlarında öz xəyal dünyasının üzərindən uçaraq, yüksəkliklərə qalxan rəssam oradan sevimli Bakının gözəlliklərini seyr edir. Burada əncir və üzüm budaqlarının arasında əfsanəvi Qız qalası, Şirvanşahlar sarayı və İçərişəhərin digər tikintiləri ucalır.

Bu nəslə mənsub olan görkəmli rəssamlardan biri Nadir Əbdürrəhmanov idi. O, bənzərsiz sənətkar insani və ətraf aləmi bütün mürəkkəbliyi və dərinliyi ilə dərk edir. Əsərlərində əks etdirməyə çalışan bir rəssam –fiosof  idi.

XX əsrin II yarısının Azərbaycan rəssamlıq sənətinin ən parlaq simalarından biri Rasim Babayev, qısa zaman içində orijinal üslubun xarakterik xüsusiyyətlərini müəyyən etdi. Adi insanların gündəlik həyatına həsr olunmuş janr səhnələri, süjetlərinin sadəliyi və səmimiliyi ilə seçilir. Bu əsərlərdə daimi bəşəri mövzular- həyat, məhəbbət və təbiət tərənnüm edilir.Onların unikal boyakarlıq keyfiyyətləri, ən adi səhnələri belə, əlvan – bayram sayağı motivlərə çevirir.

1950-1960-cı illərin qovşağında Azərbaycan rəssamlıq məktəbində sənəti rəsmi qəbul olunanlarla yanaşı sosialist realizmin əsaslarının prinsipial olaraq qəbul etməyən rəssamlar da vardır. Onlar bədii ifadə vasitələrinin özünəməxsus əhəmiyyətini qeyd edirdilər. Müasir Azərbaycan boyakarlığı muzeyin kolleksiyalarına Cavad Mircavadov, Kamal Əhməd, Qorxmaz Əfəndiyev, Tofiq Cavadov, Əşrəf Murad, Q.Brijatyuk, M.Abbasov, T.Şıxəliyev, F.Xəlilov kimi avanqard milli rəssamların əsərləri ilə təmsil olunmuşdur. Aşkar bədii fərdi dilə malik olan bu rəssamların hər biri öz yaradıcılığı ilə müasir Azərbaycan boyakarlığının formalaşmasına öz töhfəsini verirdi. Onların taleləri bir-birinə bənzəmədiyi kimi bədii dəst-xətləri də tamamilə fərdi, bənzərsizdir. Onları birləşdirən ümumi cəhət isə özlərinin sənətinə dürüst və güzəştsiz münasibəti, yaradıcılıqlarının rəsmən qəbul olunmuş incəsənətə alternativ olmasıdır. Azərbaycan boyakrlığında yeni istiqamətlərə yön verən bu sənətkarlar öz yaradıcılıqları ilə (çox zaman qiyabi olaraq) bir sıra ciddi və intelektual, fırçanı və karandaşı məharətlə işlədən istedadlı rəssamlara yol açmışlar.Məhz onların əsərləri bu gün Azərbaycan təsviri sənətinin qürur yeridir.

Azərbaycan Dövlət İncəsənət Muzeyinin zallarında təqdim olunmuş Qərbi Avropa rəssamlarının əsərlərindən ibarət kolleksiya tamaşçıları İtaliyanın, Finlandiyanın, Hollandiyanın, Fransanın, Almaniyanın XVI-XIX əsrlərə aid heykəltəraşlıq, boyakarlıq, qrafika və dekorativ- tətbiqi sənət nümunələri ilə tanış edir. Burada məşhur rəssamların özlərinin müəllif olduğu bir sıra orijinal əsərlər və keçmiş ustad rəssamların əsərlərinə məharətlə işlənmiş surətlər vardır. Həmin əsərlər Qərbi Avropanın müxtəlif  milli rəssamlıq məktəblərinin inkişaf mərhələri, ayrı-ayrı janrların təşəkkülü, mövzular və obrazlar çevrəsi, bədii cərəyanların stilistik xüsusiyyətləri haqqında əyani təsəvvür yaradır. Ekspozisiyada başlıca yeri İtaliya incəsənətinin nümunələri tutur. Bəlli həqiqətdir ki, bu ölkə Qərbi Avropanın bədii mədəniyyətinin formalaşmasına və inkişafında xüsusi rol oynamışdır.

İtaliya boyakarlığının Venetsiya, Boloniya, Parma, Neopol rəssamlıq məktəblərini təmsil edən Leonardo Bassano (1557-1622), Covani Qverçino (1591-1666), Bartolomeo Skedone (1570-1615), Francesko  Solimena (1657-1743) kimi rəssamların orijinal əsərləri nümayiş etdirilir. İtalyan şedevirlərinin XVI-XVII əsrlərə aid surətləri yüksək bədii keyfiyyətləri ilə seçilirlər. İtaliya heykəltəraşların əsərləri içərsində Lorenso Bartolinin “Sakitlik” əsəri özünün bənzərsiz lirizmi və virtuoz peşəkarlığı ilə seçilir.

XVII əsrdə Piter Paul Rubensin təsiri altında formalaşan Flamandiriya boyakarlıq məktəbi muzeydə maraqlı janr səhnələri, portretlər, natürmortlar və mənəzərələrlə təmsil olunmuşdur. Məsələn, Yustuz Susu Telmans (1597-1681), Adrian Brauver (1606-1690), David Tenris (kiçik)(1610-1690) kimi rəssamların yaradıcılıq nümunələri eləcə də mifoloji süjet əsasında çəkilmiş Baltasar Besxeyin (1708-1776) “Venera və Adonis”əsəri ekspozisiyanı zənginləşdirir.

Rembrandt Van Reynin vətəni olan Hollandiyanın rəssamlıq məktəbi haqqında ekspoziosiyada yer alan əsərlərdə böyük maraq doğurur. Burada Frans Halsın (1581-1666) natürmortu Adrian Van Ostadenin (1610-1685) janr əsərini görmək olar. Holland incəsənti haqqındakı təəssüratı Delf Fayansının gözəl nümunələri tamamlayır.

Alman incəsənəti təqdim olunmuş zalda XIV əsrin naməlum rəsamının “Müqəddəs Yefistafi haqqında əfsanə”, Yoxan Henrix Rosanın (1631-1685) “Sürü” və Frist Avqust Kaulbaxın Fyodorovnanın portreti xüsusi yer tutur. Vitrində nümayiş etdirilən Meysen zavodunun İ.F. Betqerin və Markalinin dövrlərinə təsadüf edən çini məmulatları arasında “Qısqanc ər ”kompozisiyası da vardır.

Fransa incəsənəti şöbəsində boyakarlıq nümunələri ilə yanaşı XVII –XIX əsrlərə aid olan qravürlərdə sərgilənir.  Onlar qeyd edilən dövrün incəsəntinin müxtəlif üslub və istiqmətlərini əks etdirir. Ekspozisiyada klassizmin nümayəndəsi Qaspar Duqenin (1613-1675) “Mənzərə”-si, Barbizon məktəbinin nümayəndəsi Jü Düprenin (1811-1889) iki əsəri, Bencamin Konstanın (1845-1902)və Paskal Daryan –Buvrenin (1852-1929) portretləri daha çox diqqəti cəlb edir. Həmin zallarda həmçinin Çini də hazırlanmış kiçik kompozisiyaları təqdim edilmişdir.

Rus avanqardının başında modernist – rəssam F.Botkinin ekspozisiyada iki əsəri: “Çılpaq qadın” və “Qadın portreti” sərgilənir ki, hər ikisi yüksək ustalıqla işlənmişdir. Burada onu da qeyd etmək lazımdır ki, sayca çox olmayan lakin müxtəlifliyinə və məzmununa görə daha maraqlı olan rus avanqard boyakarlığı kolleksiyası uzun müddət unudulmuş və yalnız postsovet dövründə böyük marağa səbəb olmuşdur.

XX əsrin əvvəli elə bir dövr idi ki, beynəlxalq avanqardın  inkişaf  xətti daxilində rus incəsənəti qeyri-adi zirvələrə yüksəlmiş, dünya mədəniyyətinə V.V.Kandinski, K.S.Maleviç, M.Z.Şaqal, E.Lisitski, M.F.Larionov, N.C.Qançarova və b. Görkəmli rəssamlar bəxş etmişdir.

O zaman rus avanqardı daxilində “İncəsənət alımi”, “Mavi qızılgül”və “Bubnovoy valet” kimi bir çox bədii birliklər yaranmışdır. “Bubnovoy valet” birliyinin apparıcı rəssamlarından İ.İ.Maşkovun və A.V.Lentulovun əsərlərinə muzeyin kolleksiyasında xüsusi yer ayrılmışdır.

Avanqard yönümlü “Bubnovoy valet”birliyinin yaradıcılıqlarından olan Kubofuturist rəssam A.V. Lentulouvun (1872-1943) yaradıcılığı A.Qlez, F.Leje, R.Delone, F.Pikabya, F.Kubka, N.Qonçarova və M.Larionov kimi Paris rəssamlarının təsirilə formalaşmışdı. Onun palitrası, əlvanlığı və rəngin ekspressiyası ilə fərqlənir. Realist boyakarlıq texnikasında məharətlə işləyən rəssam eyni zamanda cəsarətli eksperimentator idi.

“Bubnovoy valet” birliyinin daha bir istedadlı nümayəndəsi İ.İ.Maşkov (1881-1944) “Sezanın vari” əsərində qalın yağlardan və primitivlərin əlvan qammasından istifadə edirdi. Onun qeyri-adi həyat qüvvəsi və həyat sevinci natürmortlarında bariz ifadəsini tapırdı.

Lirik abstraksionizmin yaradıcısı və ən görkəmli nümayəndəsi kimi tanınan V.V.Kandinski (1866-1944) “İncəsənətdə mənəvilik haqqında” (1912) adlı nəzəri əsərində boyakarlığı “daxili tələbatın təcəssümü” adlanırdı.

XX əsrin əvvəli incəsənətdə misli görünməmiş eksperimentlər dövrü idi. Artıq abstraktsionizmin yaranmasının başlanğıc mərhələsində iki istiqamət müəyyən olundu ki, onlardan birinin başında Kandinskiy dayanırdı.Lirik absktraksiya işıqlı, bərq vuran rənglərlə dolu sərbəst axıcı formalarla xarakterizə olunurdu. Dünya şöhrətli və beynəlxalq miqyaslı rəssam olan Kandinskiy qısa müddət ərzində (1915-1922) Rusiyada yaşamın və sonralar həmişəlik onu tərk etmişdi. Onun muzeyin kolleksiyasında saxlanan “Dağlarda amazonka” əsəri də bu texnikada işlənmişdir .Ətraf aləmin bir sıra konfiqurasiyaların və rəng ləkələrinin abstraktlaşması prosesi öz inkişaf yolunu bu əsərlə başlayır.

Konstrukivist rəssam El Lisitskiy (1890-1941) Hollandiyalı abstrakionist rəssamların “Üslub” qrupuna daxil idi. O, K.Maleviçin subrematik ideyalarına əməl edir və incəsənətin formalarının yerləşməsinə can atırdı. Vxemada dərs deyən

E.Lisitskiyin  abstrakt kompozisiyaları-“prounları” (yeniliyin təsdiqi, layihələri) XX əsrin adamının fəzanı qavramasını qabaqlayır. Muzeyin kolleksiyasında onun Konstruktivist kompozisiyası təmsil olunmuşdur.

Stenberq qardaşları Vladimir (1899-1982) və Qeorqiyin (1900-1933) yaratdıqları əsər də həmin üslubdadır. Konstruktivist boyakarlar, dizaynerlər, predmetsiz kompozisiyaların yaradıcıları olan qardaşlar rus avanqard sənətinin inkişafına öz estetik ideyalarını gətirmişdilər.

Xarakterinə görə müxtəlif olan muzey kolleksiyası ümumdünya bədii irsinin ən başlıca hadisələri haqqında tamaşaçıda kifayət qədər dolğun təəssürat yaratmağa imkan verir. Respublikanın ən iri mədəniyyət ocaqlarından olan incəsənət muzeyi daim ölkə rəhbərliyinin Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm nazirliyinin və digər dövlət qurumlarının, eləcə də çox saylı qonaqların diqqət mərkəzindədir. Burada xarici qonaqlar və rəsmi nümayəndəliklər qəbul edilir. Təbliğat və mədəni tərbiyəvi xarakterli tədbirlər bu muzeyi incəsənət sevərlərin ən geniş dairəsi üçün və gözəlliyin cəlb edici mərkəzinə çevirmişdir.

 

Cəmilə Həsənzadə

Sənətşünaslıq doktoru