Muzey haqqında

Azərbaycan Milli İncəsənət Muzeyi milli dəyərlərimizin və ümumbəşəri mədəni irsin qorunduğu xəzinədir. 18000-dən artıq əsli nümunələrdən ibarət sənət əsərinin saxlandığı xəzinənin fəaliyyət tarixi zəngindir. Muzey daha öncə, 1924-cü ildə Azərbaycan Dövlət Muzeyinin nəzdində İncəsənət şöbəsi kimi mövcud olmuş, 1936-cı ildən Xalq Komissarları Sovetinin qərarı ilə müstəqil muzey kimi fəaliyyətə başlamışdır. 1937-ci ildə muzeyin ekspozisiyasının ilk açılışı olmuşdur. 1951-ci ildən muzey 1887-1895-ci illərdə mühəndis N.A. fon der Nonnenin layihəsi ilə barokko üslubunda inşa edilmiş binada yerləşir. 1992-ci ildə muzeyə 1883-1887-ci illərdə mühəndis M.D.Botovun layihəsi ilə tikilmiş Mariya Qadın Gimnaziyasının binası istifadəyə verilir. 2013-cü ildən isə XIX əsr memarlıq abidələrini kompleks kimi birləşdirən, müasir üslubda inşa olunmuş keçid korpusu muzeyin istifadəsinə verilmişdir. 2011-ci ildə Dövlət qərarı ilə muzeyə - Milli status verilmişdir. Həmin ildə muzeyə Brüsseldə yerləşən Avropa İqtisadiyyat, Sənaye və Ticarət Palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) qərarı ilə beynəlxalq standart və kriterilərə cavab verən, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik Avropa Muzey Standartı (EUMS) statusu verilib.

Muzeyə ötən illər ərzində Azərbaycanın tanınmış Xalq rəssamı S.Salamzadə (1936-1942), sonra Xalq rəssamı, Əməkdar incəsənət xadimi K.Kazımzadə (1942-1992) başçılıq etmiş, hazırda isə Azərbaycanın Əməkdar incəsənət xadimi, prof. Çingiz Fərzəliyev rəhbərlik edir.

Muzeyin fəaliyyətindəki bütün işləri icra edən elmi şöbələr bunlardır:

1.  Fond şöbəsi

2.  Ekspozisiya şöbəsi

3.  Elmi-kütləvi işlər şöbəsi (Məktəb bölməsi)

4.  Elmi araşdırmalar şöbəsi

5.  Beynəlxalq əlaqələr şöbəsi

6.  Sərgi və tərtibat şöbəsi

7.  Elmi bərpa şöbəsi

8. İnnovasiya şöbəsi

Təsviri, dekorativ tətbiqi sənətin bütün növlərini özündə dolğunluğu ilə əks etdirən muzeydə Azərbaycan, Qərbi Avropa, Rus və Şərq (İran, Əfqanıstan, Türkiyə, Yaponiya, Çin, Hindistan, Misir, Orta Asiya) xalqlarının incəsənət nümunələri qorunub saxlanılır. Kolleksiyada qorunan əsərlər tarixi baxımdan miladdan öncəki dövrdən günümüzədək olan tarixi keçmişimizi yaşadır.

Muzeyin I mərtəbəsində nümayiş edilən Qərbi Avropa kolleksiyasını İtaliya, Flandriya, Hollandiya, Almaniya və Fransa rəssamlıq məktəblərinin Rafael Santi, Leandro Bassano, Covanni Françesko Barbyeri, Françesko Solimena, Adrian Brauver, Yustus Sustermans, Piter Klass, Mixil Yanson van Mirevelt, İohann Henrix Ross, Fridrix Avqust fon Kaulbax, Meyer fon Bremen, Qaspar Duqe, Jül Düpre, Paskal Danyan Buvre, Jan-Jozef Benjamen-Konstan, Jan Dolle, Georq Ville, Jak Kallo, Rober Qayar, Fridrix Şmit və digər XVI-XIX əsr məşhur rəngkar və qrafik rəssamların əsərləri təmsil edir.

Bu mərtəbədə təqdim edilən Rus incəsənəti kolleksiyası XVIII-XX əsr tanınmış rəssam və heykəltəraşlarının – Vladimir Borovikovski,  Nikolay Arqunov, Karl Brullov, Vasiliy Tropinin, Konstantin və Vladimir Makovskilər, İvan Şişkin, Fyodr Vasilyev, Vasiliy Pukirev, İvan Ayvazovski, Vasili Vereşşagin, Konstantin Korovin, Yevgeniy Lansere, Aleksandr Opekuşin, Feliks Xodoroviç və digərlərinin əsərləri ilə təqdim olunur.

Azərbaycan kolleksiyası öz zənginliyi ilə II mərtəbədə tamaşaçıların diqqətini cəlb edir. Burada incəsənətimizin qaynağı - qədim dövrdən başlayaraq müasir dövrədək keçdiyi inkişaf yolunda yaradılmış nəfis sənət əsərləri təqdim olunur. Ekspozisiyada arxeoloji qazıntılar zamanı Mingəçevir, Şəki, Füzuli, Naxçıvan, Göy-Göldən tapılmış üzəri ən arxaik bədii təsvirlərlə bəzədilmiş saxsı qablar və qədim gil heykəlciklər, Səlcuq dövrünə məxsus dekorativ çıraqlar, kaşılar, XIII əsrə aid Bayıl qəsrinin frizləri, XVI əsrə aid nəfis əlyazma kitabları, XVII-XVIII əsrlərə aid tempera, qızıl suyu və sulu boya ilə çəkilmiş orijinal Təbriz miniatürləri, XVI-XVII əsrə aid bədii metal məmulatları, silah və döyüş zirehləri, Qacar üslubu rəssamlarının və XIX əsrin tanınmış rəssamları Mir Möhsün Nəvvabın, Mirzə Qədim İrəvaninin, Abbas Hüseyni, Əkbər Şərgizad Təbrizinin nəfis tabloları, XVIII-XX əsrlərə aid Quba, Təbriz, Qarabağ, Bakı, Şirvan, Gəncə, Qazax kimi xalça mərkəzlərimizdə toxunmuş bənzərsiz xalçalar, ipək və yundan toxunmuş orijinal parça, güləbətin, təkəlduz, piləkli, cülmə üsullu bədii tikmə, milli geyim, kişi və qadınlara aid zərgərlik nümunələri sərgilənir.

Muzeyin ekspozisiyasının son - III mərtəbəsi beynəlxalq və respublika miqyaslı  rəngarəng sərgilərin keçirildiyi məkandan və  müasir dövr Azərbaycanın görkəmli rəngkar, qrafik və heykəltəraşları - Bəhruz Kəngərli, Əzim Əzimzadə, Salam Salamzadə, Reyhan Topçubaşova, Tağı Tağıyev, Mikayıl Abdullayev, Vəcihə Səmədova, Oqtay Sadıqzadə, Böyükağa Mirzəzadə, Toğrul Sadıqzadə, Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər Eldarov və digərlərinin əsərlərinin nümayiş edildiyi salondan ibarətdir.

Muzeyin zəngin elmi və maddi bazası əsasında respublikamızda və MDB ölkələrində fəaliyyət göstərən bir çox tanınmış muzeylərin fondları yaranmış və zənginləşmişdir. 1967-ci ildə Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyinə, 1968-ci ildə Ə.Əzimzadənin ev muzeyinə, 1985-ci ildə Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyinə, 2001-2005-ci illər ərzində isə Naxçıvan MR-sında fəaliyyət göstərən Bəhruz Kəngərli adına Rəsm Qalereyasına, eyni zamanda Sankt-Peterburqda fəaliyyət göstərən Rusiya Etnoqrafiya Muzeyinə sənət nümunələri daimi istifadəyə verilmişdir.

Azərbaycan Milli İncəsənət Muzeyi kolleksiyasının dəyəri və zənginliyi baxımından dünya miqyasında olan nüfuzlu muzeylərdən biridir. Burada daim Türkiyə, İran, Fransa, Yapon, Çin, Orta Asiya və s. xalqların incəsənətinə həsr edilmiş beynəlxalq sərgilər keçirilir. Muzey beynəlxalq layihələrin iştirakçısı, elmi tədqiqatların bazasıdır. Burada təşkil edilən elmi mühazirələr, ekskursiyalar, ailə, uşaq və gənclər proqramları, dərnəklər, ustad-dərsləri, dəyirmi masa və diskussiyalar yaşından və milli mənsubiyyətindən asılı olmayaraq hamı üçüm maraqlıdır.