Fransa muzeylərindən incəsənət şedevrləri Bakıya gətirildi

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil olunmuş Azərbaycanın mədəni həyatında əlamətdar hadisə olan “Fransanın inciləri. Fransız incəsənəti Renesansdan bu günədək” sərgisi Fransa Respublikası Mədəniyyət və Rabitə Nazirliyi və Dövlət Muzeyləri Birliyi-Böyük Saray tərəfindən, Heydər Əliyev Fondunun və TOTAL-ın dəstəyi ilə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycandakı Fransa İnstitutu, Fransa Milli Kitabxanası, Milli Mebel və Milli Qobelen, Bove və Savonri manufakturaları və Musiqi Şəhərciyi ilə

sıx əməkdaşlıq nəticəsində təşkil olunmuşdur.

Yüksək səviyyədə təmsil olunmuş sərginin eksponatlarının mühüm hissəsini Versal sarayının, Luvr və Orse muzeylərinin, Pompidu Mərkəzinin, Fransa Milli Kitabxanasının əsərləri təşkil edir. Əlbəttə, Paris şəhəri də sərgiyə öz töhfəsini vermiş, məşhur Karnavale Muzeyi, Kiçik Saray, Moda və Geyim, Konyak Je və Romantik həyat muzeyləri öz əsrarəngizliyi ilə seçilən əsərləri ilə təqdim olunmuşlar. 

Sərginin mövzusunu daha da zəngiləşdirmək və eyni zamanda fransız mədəni irsinin mühüm tərkib hissəsi olan əyalət muzeylərini də tanıtmaq məqsədi ilə qiymətli kolleksiyaya malik Nant, Kan, Ruan, Amyen, Strasburq, Reyms, Bezanson, Dijon, Lion, Qrenobl, Perpinyan, Monpelye, Eks-an-Provans, Nitsa, Ayaçço və digər şəhərlərin muzey eksponatlarından da nümunələr tamaşaçıların ixtiyarına verilmişdir.

Nümayiş olunacaq sənət əsərlərinin miqyasına və müxtəlifliyinə görə unikal olan “Fransanın incləri. Fransız incəsənəti Renesansdan bu günədək” sərgisində Fransanın sənət adamlarının yüksək yaradıcılıq ənənələri, ideyaları, zövqləri müxtəlif texinkalara malik xalçaçılıq, təsviri incəsənət nümunələri, dekorativ sənət əşyaları, qravüra və foto şəkillərlə təqdim olunmuşdur.Bu sərgi Fransanın bütün dünyada şöhrət tapmış zəngin mədəniyyətini nümayiş etdirməklə bərabər, onun keçdiyi şanlı tarixinə də bir səyahətdir. Xronoloji ardıcıllıqla təqdim olunmuş eksponatlar Renesansdan bu günədək fransız mədəniyyətinin inkişafını izləmək imkanına malikdir. Azərbaycanın mədəni həyatında böyük iz qoyacaq bu sərgidə sənət sevərlər ilk dəfə olaraq Fransanın ən məşhur sənət korifeyləri olan Pussen, Qryoz, İnqr, Deqa, Brak, Otonyel, Roden kimi sənət ustalarının boyakarlıq və heykəltəraşlıq əsərlərini, incəsənət əşyalarını, qobelen və qravüları bir arada görə biləcəklər. Ekspozisiyada nümayiş olunan janr və mövzu genişliyi, tarixliyi ilə diqqəti cəlb edən 500-ə yaxın əsərlər içərisində, fransız təsviri sənətində tanınmış müasir gənc rəssam və heykəltəraşların əsərləri də yer almışdır.

Rəsmi açılış mart ayının 10-da keçiriləcəkdir. Sərgi mart ayının 11-dən aprel ayının 6-dək tamaşaçıların ixtiyarına veriləcəkdir.

Əlavə məlumat üçün: http://www.facebook.com/pages/Az%C9%99rbaycan-Milli-%C4%B0nc%C9%99s%C9%99n%C9%99t-muzeyi-Azerbaijan-National-museum-of-Art/221304434553074