Xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubleyinə həsr olunmuş fərdi sərgi

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin birgə təşəbbüşü ilə görkəmli fırça ustası, qocaman rəssam, Qərbi Avropa rəngkarlığının klassik, akademik portret məktəbinin qoruyucusu, “Şərəf” ordeni ilə təltif olunmuş, Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadənin 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirilir. Sərgidə Azərbaycan təsviri incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan fırça ustasının 100-ə yaxın qrafik və rəngkarlıq əsərləri nümayiş olunur.


Sərgilənən əsərlər R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyindən, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən, Dövlət Şəkil Qalereyasından, Hüseyn Cavidin ev muzeyindən və rəssamın şəxsi kolleksiyadan toplanmışdır.

Sərgidə kübar portretlərin müəllifi kimi tanınan rəssamın əsrarəngiz rəng koloriti ilə canlandırdığı şairə “Xürşid Banu Natəvan”nın, “Akademik Zərifə xanım Əliyeva”nın, “Fidan xanım Qasımova”nın, “Böyük Britaniya kraliçası II Yelizaveta”nın təkrarolunmaz obrazları nümayiş olunur. Rəgkarlıqla yanaşı rəssamın yüksək ustalıqla işlədiyi qrafik əsərləri də sərgidə öz yerini tapmışdır. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına, İ. Qasımov və H. Seyidbəylinin “Uzaq sahillərdə” pyesinə, İ. S. Turgenevin “Atalar və oğullar” romanına, V. Hüqonun “Səfillər” romanına, R. N. Güntəkinin “Çalıquşu” romanına yaratdığı illüstrasiyalar bu qəbildəndir. Sərgilənən qrafik əsərlərin əksəriyyəti rəssamın yaradıcılığının erkən dövrlərinə aiddir.

Sərgi mart ayının 15-də saat 18.30-da R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin Niyazi küçəsi, 11 ünvanında yerləşən binasında keçiriləcək və mart ayının 25-dək davam edəcəkdir.