Sərgilər

"Reinkarnasiya" sərgisi açılıb

27 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı sərgi açılıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əminə Məlikova edərək sərginin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunur. 
Sözügedən layihənin artıq bir ənənə halını alaraq şəhərimizin digər muzeylərində də keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ə.Məlikova ziyarətçilərin sərgidən böyük zövq alacaqlarına əminliyini ifadə edib. Sərgiyə tamaşa etdikdə, Sizdə XVII-XIX əsrlərin sənət əsərlərinə yeni və fərqli baxış yaranacaq.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgiyə giriş bileti 2 AZN-dir.

Fotolar: Rüstəm Qasımov

 
 

Reinkarnasiya sərgisi

Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya”  adlı sərgi keçiriləcəkdir.

Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.

Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-ə yaxın rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunur. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, İvan Ayvazovski, Jan Fraqonar, Smitri Antonelli, Pyotr Vereşagin, Cozef Bernar, Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri vardır.

Bu layihə artıq bir ənənə halını alaraq, şəhərimizin digər muzeylərində də keçiriləcək.

Sənətsevərlərin və mütəxəssislərin böyük marağına səbəb olacaq ekspozisiya muzeyin fəaliyyətində və eyni zamanda rəssamların yaradıcılığında yeni bir səhifə açacaqdır.

Sərgi 27 yanvar 2017-ci il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcəkdir.

Sərgiyə giriş bileti 2 AZN-dir.

 

 
 

Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş xatirə sərgisinin açılışı oldu

Dekabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş xatirə sərgisinin açılışı oldu.
Tədbiri giriş sözüylə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev açdı. Professor Çingiz Fərzəliyev çıxışında rəssamın fərdi yaradıcılıq üslubunun, onun yaratdığı əsərlərin mövzu aktuallığı, ideya həllinın orijinallığı ilə seçildiyini qeyd etdi. 
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Xalq rəssam Elbəy Rzaquliyevin incəsənət tariximizdə tutduğu mövqedən bəhs etdi. Azərbaycan mədəniyyətinin təbliğində önəmli rol oynadığını, eyni zamanda Elbəy müəllimin görkəmli rəssam olması ilə yanaşı gözəl insan olduğunu vurğuladı. Rəsssamlar, bəstəkarlar, yazıçılar, ümumiyyətlə sənət adamları uzun ömür də, qısa ömür də yaşaya bilər. Amma danılmaz bir həqiqət var, onların əsl ömürləri yadigar qoyub getdiyi əsərləri yaşadıqca yaşayır.
Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov rəssamın fərdi yaradıcılıq manerasından, özünəməxsus dəsti-xəttindən, E.Rzaquliyevin yüksək insani keyfiyyətlərindən söz açdılar. Qeyd etdilər ki, tanınmış fırça ustasının yaradıcılığı böyük emosional qüvvəyə malik olub, müasirlərinin estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Rəssamın ailəsi adından danışan qızı Aytən Rzaquliyev sərginin təşkilinə görə əməyi keçən hər kəsə, tədbirə gələn bütün sənətsevərlərə minnətdarlığını bildirdi. Xüsusi təşəkkürünü cənab prezident İlham Əliyevə və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bildirdi. 
Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Rəssamın “Avtoportret”, “Qırmızı çalmalı ərəb”, “Mexiko mənzərəsi”, “İnsanların torpağı”, “Sevimli tablolar”, “Roma ətrafı”, “Bakı. Xan sarayı”, “Axşam” kimi 30-dan çox əsəri sənətsevərlərin ixtiyarına verilib.
Sərgi dekabrın 17-də başa çatacaq.

 
 

"Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyadan" adlı sərgi keçirildi

Noyabr ayının 25-də Azərbaycan Milli İncəsənət Muzeyində “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyadan” adlı sərgi açılıb.
Sərgini giriş sözü ilə açan Azərbaycan Mili İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev bu günün Azərbaycan Milli İncəsənət Muzeyində böyük bayram olduğunu və bu sərginin muzeyin 80 illik yubileyi çərçivəsində keçirildiyini bildirdi. Fransa və Azərbaycan dövlətlərinin mədəni əməkdaşlığından xəbər verdiyini, eyni zamanda Azərbaycan mədəni həyatında önəmli iz qoyacağını vurğuladı.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış etdi. Nazir müavini bu sərginin ən nadir sənət nümunələrinin saxlandığı Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilən “2016-cı il-Multikulturalizm ili” çərçivəsinə daxil olduğunu qeyd etdi. Bu qürurverici hissdir ki, sərginin ekspozisiyası Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarətdir.
Daha sonra Fransanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Aureliya Buşez bu sənət məbədində Fransa incəsənətinə həsr olunmuş möhtəşəm sərginin təşkilindən məmnunluq hissini duyduğunu bildirdi. O, həm də öz çıxışında Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən “Fransa inciləri” sərgisinin təşkilinə görə minnətdarlığını vurğuladı. 
Xalq rəssamı Səlhab Məmmədov sərginin bənzərsiz çalarlar üzərində qurulduğunu xüsusi vuğuladı. 
Tədbirdə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının və L. və M. Rastropoviçlər adına 21 nömrəli musiqi məktəbinin tələbə və şagirdləri - Atabala Manafzadə,Nəriman Əmiraslanov, Kamran Talıblının ifasında bəstəkarlar İ.Bax, F.Şopen S.Raxmaninov, T.Quliyev, K.Debyussi, P.Çaykovski və Ceninin əsərləri səsləndirildi.
Sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq səəncamı ilə elan edilən “2016-cı il-Multikulturalizm ili” və həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgisi ictimaiyyət üçün 26 noyabr 2016-cı il tarixindən 26 yanvar 2017-ci il tarixindək Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında təqdim olunur.

 
 

Səhifə 1 > 19-dəan