Sərgilər

Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubiley sərgisi

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyulun 15-də  Azərbaycan Milli Incəsənət Muzeyində Xalq rəssamı Vidadi Nərimanbəyovun 90 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçirildi.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri təqdim edildi. Vidadi Nərimanbəyovun illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş etdirilməyən bir neçə əsəri də bu sərgidə nümayiş etdirildi.

Vidadi Yaqub-Fərman oğlu Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində anadan olmuşdur. Rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumu, V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında almışdır.
"Nədir günahımız?", "Düşmənin sevinci...", "Yolda" və s. əsərləri onu özünəməxsus dəsti-xətti ilə seçilən, istedadlı rəssam kimi məşhurlaşdırmışdır. 1977-ci ildə Bakıda keçirilən fərdi sərgisində Ümummilli lider Heydər Əliyev şəxsən iştirak etmiş, onun yaradıcılığına qiymət vermişdir. V.Nərimanbəyov təkcə Azərbaycanda deyil, eyni zamanda keçmiş SSRİ respublikalarında, Bolqarıstan, Rumıniya, Əlcəzair, Finlandiya, Çexiya, Macarıstan kimi dünyanın 20-dək xarici ölkəsində fərdi yaradıcılıq sərgilərini təşkil edərək, ölkəmizin incəsənətini təbliğ etmişdir. Rəssamın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Moskva Dövlət Tretyakov Qalereyasında, MDB və Avropa ölkələrinin muzeylərində saxlanılır.
V.Nərimanbəyov 1972- ci ildə Qrekov adına Qızıl medalla təltif olunmuş, 1982-ci ildə Azərbaycan Xalq Rəssamı fəxri adına layiq görülmüşdür. 1972-1986-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında məsul vəzifələrdə çalışmışdır. 2001-ci ildə "Şöhrət" ordeninə layiq görülmüşdür.
Vidadi Nərimanbəyov 2001-ci ildə vəfat edib.

 
 

Xalq rəssamı Baba Əliyevin yubiley sərgisi

7 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Baba Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisi keçirildi.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı ailə kolleksiyasında qorunan əsərləri də nümayiş etdirildi.

 
 

“Reinkarnasiya” sərgisi

Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya”  adlı növbəti sərgi keçiriləcəkdir. Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq. Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-ə yaxın rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interperetasiyada, müasir baxış konteksində təqdim olunur. Yubiley çərçivəsində təşkil olunmuş sərginin təqdimatı 26 may 2016-cı il  tarixində, saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında keçiriləcəkdir. Sənətsevərlərin və mütəxəssislərin böyük marağına səbəb olacaq ekspozisiya muzeyin fəaliyyətində və eyni zamanda rəssamların yaradıcılığında yeni bir səhifə açacaqdır.


 
 

Tanınmış rəssam və heykəltaraş Əkbər Behkəlamın fərdi yaradıcılıq sərgisi

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Almaniyada yaşayan soydaşımız, tanınmış rəssam və heykəltaraş Əkbər Behkəlamın fərdi yaradıcılıq sərgisi keçirilmişdir. Əkbər Behkəlam 1944-cü ildə Təbrizdə anadan olmuşdur. 1961-1964-cü illərdə Təbriz İncəsənət Məktəbində ilk rəssamlıq təhsilini almışdır. Daha sonra İstanbulda Memar Sinan adına Gözəl Sənətlər Universitetində Bədri Rəhmi Eyyuboğlunun sinfində təhsilini davam etdirmişdir. 1972-1974-cü illərdə yeni yaradıcılıq axtarışları ilə bağlı Avropanın Paris, Frankfurt, Roma və Berlin şəhərlərində yaradıcılıqla məşğul olub. 1974-cü ildə İrana qayıdan rəssam, 1976-cı ilədək Təbrizdə İncəsənət Məktəbində müəllim kimi çalışıb.  1976-cı ildə Əkbər Behkəlam Almaniyanın Berlin və Brandenburq şəhərlərində yaradıcılıq fəaliyyətini davam etdirib.  Onun əsərləri əsasən siyasi mövzularla bağlıdır. Yaradıcılığının erkən dövründə yeni Avropa realizminin və İran miniatür rəngkarlığının təsiri ilə əsərlər yaradan rəssamın, tablolarında daha sonralar şərtiliyə, simvolizmə güclü meyl müşahidə edilir. Onun əsərləri güclü rəng çalarları, dinamik ekspressiya, hərəkət və hadisələrə fəlsəfi baxışı ilə səciyyələnir. Məhsuldar yaradıcılığı ilə seçilən rəssamın əsərləri Tehran, Almaniyanın bir çox şəhərlərində, Los-Anceles, Braziliya, İstanbul, Kosovo, Slovakiyanın Brateslava və bir çox ölkələrin muzey və qalereyalarında çox uğurla numayış olunmuşdur.  Rəssamın Azərbaycanda keçirilən ilk fərdi sərgisində 27 rəsm əsəri - “Günəş həsrəfi”, “Günorta bürküsü”, “Batan qayıq”, “Faciəni nəzərə alaraq”, “İnsan mənzərələri” və digər nümunələri sənətsevənlərin ixtiyarına verilmişdir.

Foto: Ələkbər Ağasiyev

 
 

Səhifə 5 > 21-dəan