Sərgilər

Xalq rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyi və Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Xalq rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı oldu.
Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə muzeyin direktor müavini Xədicə Əsədova qonaqları salamlayaraq, qocaman rəsssamı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin adından təbrik etdi.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Xalq rəssamının sənət dünyasının sehrinə toplaşanlara onun zəngin irsindən, təsviri incəsənətimizdəki xidmətlərindən söz açdı. Öz çıxışda ittifaqın sədri Altay Hacıyevin Azərbaycanın böyük ziyalısı, mədəniyyət və ictimai xadimi, əsl vətənpərvər olduğunu və müasirlərimiz arasında bu cür yaradıcı insanın olması ilə fəxr etdiyini vurğuladı.
Xalq rəssamı Arif Hüseynov rəssamla olan dostluğunu, onunla səmimi yoldaşlığını dilə gətirərək, onun görkəmli rəssam, fəal ictimai xadim kimi böyük təcrübəsinin olmasını qeyd etdi. 
Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova və rəssamın oğlu Addis Hacıyevgörkəmli fırça ustasına yaradıcılıq uğurları arzuladı.
Sonda rəssam tədbirə toplaşanlara, sənət dostlarına öz təşəkkürünü və bundan sonra da var gücüylə yaradıcılıq fəaliyyətini davam etdirəcəyini bildirdi.
Sərgidə görkəmli fırça ustasının “Qarabağ atları”, “Bakı bulvarı”, “Neft mədənlərində”, “Məclisi üns”, “Düşüncə”, “Bakı gecəsi”, “Natəvan dünyası”, “Arazın iki sahili” kimi 70-dən artıq rəngkarlıq və qrafik əsəri nümayiş olunur.
Qeyd edək ki, sərgi 17 aprel tarixinədək davam edəcək.

 
 

"Reinkarnasiya" sərgisi açılıb

27 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı sərgi açılıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əminə Məlikova edərək sərginin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunur. 
Sözügedən layihənin artıq bir ənənə halını alaraq şəhərimizin digər muzeylərində də keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ə.Məlikova ziyarətçilərin sərgidən böyük zövq alacaqlarına əminliyini ifadə edib. Sərgiyə tamaşa etdikdə, Sizdə XVII-XIX əsrlərin sənət əsərlərinə yeni və fərqli baxış yaranacaq.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgiyə giriş bileti 2 AZN-dir.

Fotolar: Rüstəm Qasımov

 
 

Reinkarnasiya sərgisi

Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya”  adlı sərgi keçiriləcəkdir.

Sərgidə muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunacaq.

Vernisajda rəssamlar Elşən Sərxanoğlu, Məmməd Rəşidov, Vüqar Quliyev, Aydın Əsgərov, Elşən Qaraca, Emin Qəhrəmanov tərəfindən 15-ə yaxın rəngkarlıq və 5 heykəltəraşlıq əsəri yeni interpretasiyada, müasir baxış konteksində təqdim olunur. Əsas kimi götürülən əsərlərin müəllifləri arasında dünya incəsənətinin Yan Stik, İvan Ayvazovski, Jan Fraqonar, Smitri Antonelli, Pyotr Vereşagin, Cozef Bernar, Fransua Larşe kimi klassikləri və dünya təsviri incəsənətinin digər görkəmli nümayəndələri vardır.

Bu layihə artıq bir ənənə halını alaraq, şəhərimizin digər muzeylərində də keçiriləcək.

Sənətsevərlərin və mütəxəssislərin böyük marağına səbəb olacaq ekspozisiya muzeyin fəaliyyətində və eyni zamanda rəssamların yaradıcılığında yeni bir səhifə açacaqdır.

Sərgi 27 yanvar 2017-ci il tarixində, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcəkdir.

Sərgiyə giriş bileti 2 AZN-dir.

 

 
 

Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş xatirə sərgisinin açılışı oldu

Dekabrın 13-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Elbəy Rzaquliyevin 90 illiyinə həsr olunmuş xatirə sərgisinin açılışı oldu.
Tədbiri giriş sözüylə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev açdı. Professor Çingiz Fərzəliyev çıxışında rəssamın fərdi yaradıcılıq üslubunun, onun yaratdığı əsərlərin mövzu aktuallığı, ideya həllinın orijinallığı ilə seçildiyini qeyd etdi. 
Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında Xalq rəssam Elbəy Rzaquliyevin incəsənət tariximizdə tutduğu mövqedən bəhs etdi. Azərbaycan mədəniyyətinin təbliğində önəmli rol oynadığını, eyni zamanda Elbəy müəllimin görkəmli rəssam olması ilə yanaşı gözəl insan olduğunu vurğuladı. Rəsssamlar, bəstəkarlar, yazıçılar, ümumiyyətlə sənət adamları uzun ömür də, qısa ömür də yaşaya bilər. Amma danılmaz bir həqiqət var, onların əsl ömürləri yadigar qoyub getdiyi əsərləri yaşadıqca yaşayır.
Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov rəssamın fərdi yaradıcılıq manerasından, özünəməxsus dəsti-xəttindən, E.Rzaquliyevin yüksək insani keyfiyyətlərindən söz açdılar. Qeyd etdilər ki, tanınmış fırça ustasının yaradıcılığı böyük emosional qüvvəyə malik olub, müasirlərinin estetik zövqünün formalaşmasında mühüm rol oynamışdır.
Rəssamın ailəsi adından danışan qızı Aytən Rzaquliyev sərginin təşkilinə görə əməyi keçən hər kəsə, tədbirə gələn bütün sənətsevərlərə minnətdarlığını bildirdi. Xüsusi təşəkkürünü cənab prezident İlham Əliyevə və Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevə bildirdi. 
Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan rəngkarlıq və qrafika əsərləri nümayiş olunur. Rəssamın “Avtoportret”, “Qırmızı çalmalı ərəb”, “Mexiko mənzərəsi”, “İnsanların torpağı”, “Sevimli tablolar”, “Roma ətrafı”, “Bakı. Xan sarayı”, “Axşam” kimi 30-dan çox əsəri sənətsevərlərin ixtiyarına verilib.
Sərgi dekabrın 17-də başa çatacaq.

 
 

Səhifə 1 > 19-dəan