Sərgilər

“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin bağlanış mərasimi baş tutdu

 

19 may 2017-ci il tarixində Azərbaycan Milli incəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin bağlanış mərasimi baş tutdu. Qapalı keçirilən tədbirdə dövlət, mədəniyyət və ictimai xadimləri iştirak etmişdir.

Tədbiri giriş sözüylə açan muzeyin direktoru Çingiz Fərzəliyev Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib:"Sərginin popurlarlıq qazanacağını əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik. Muzeyimizdə sərgilər adətən bir ay davam edir, “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin yeddi aydan artıq nümayiş olunmasına baxmayaraq, sərgiyə olan maraq günü-gündən artır. Hər şeyin bir sonu var. Bu gün sərginin bağlanış mərasimi keçirilir. Muzeydə davamlı olaraq kolleksiyamızda qorunub saxlanılan müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş sərgilər keçiriləcək". Çingiz Fərzəliyev çıxışında yapon mütəxəssisləri tərəfindən artirubutsiya olunmuş Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasındakı dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd etdi: "Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Cənab Ç. Fərzəliyevin direktor, eyni zamanda sənət adamı olması sərginin qurulmasında önəmli rol oynamışdır. Ona dərin təşəkkürümüzü bildiririk".

Gecəyə professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında səsələnən Azərbaycan və fransız bəstəkarlarının klassik əsərləri xüsusi rəng qatdı.

Qeyd edək ki, Fransanın “Total” neft-qaz şirkətinin dəstəyi sayəsində reallaşan sərgi ötən ilin noyabrın 26-dan mədəniyyətsevərlərə təqdim edilmişdir. Sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

 
 

Unudulmuş Unudulmaz

18 mayı dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu il Beynəlxalq Muzeylər günü "Muzeylər və mübahisəli tarixi məqamlar: Muzeylərdə deyilməyənlərin səslənməsi" şüarına uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylər "1920-50-ci illərdə repressiyalar" adlı vahid mövzuda tədbirlər keçirir.
Azərbaycan Milli İncəsənət Muzeyində 18 may “Beynəlxalq Muzeylər günü” münasibəti ilə “Unudulmuş Unudulmaz” adlı sərgi keçiriləcək. 
Bu layihə XX əsrin I yarısında sovet rəhbərliyi tərəfindən həyata keçirilmış repressiya qurbanlarına həsr olunur. Repressiya dəhşəti stalinizm dövründə yaşamış bütün xalqların və fərdlərin taleləri və ürəklərində dərin iz buraxıb. Məlumdur ki, bu illərdə Azərbaycan ərazisindən sürgünə 100 mindən çox ziyalıları, mədəniyyət, incəsənət, din xadimlərini və eləcə də alimləri, yazıçıları, müəllimləri Sibirə, Qazaxıstana və SSRİ-nin digər uzaq məntəqələrinə göndərmişdilər. Onları "panislamist", "pantürkist", "xalq düşməni" adlandıraraq sürgünə yollayırdılar. Azərbaycanda 1930-1950-ci illərdə 70 minə qədər insan həbs edilib, onlardan 29 mini ziyalı idi. 
Repressiya Azərbaycan rəssamlarına və onların ailələrinə də toxunub, onlar repressiya dalğasının günahsız qurbanlarına çevrilmişlər. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qətl və sürgünlərə məruz qalmış rəssamların əsərləri yer almacaqdır.
Sərgidə sürgün edilənlər sırasında olan Rzaquliyev Ələkbər Ələsgər oğlu (1903-1974), Haqverdiyev Həsən Əli oğlu (1907-1978), eləcə də valideynlərinin “antisovet fəaliyyəti”nə görə repressiyanın günahsız qurbanları olmuş Nərimanbəyov Vidadi Yaqub oğlu (1926-2001), Nərimanbəyov Toğrul Fərman oğlu (1930-2013), Sadıqzadə Oqtay Seyid Hüseyn oğlu (1921-2014), Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu (1926-1995), Salahov Tahir Teymur oğlu (1928) kimi rəssamların əsərləri nümayiş olunacaq. Tədbir çərçivəsində eyni zamanda onların həyat və yaradıcılıqları barədə geniş məlumat veriləcəkdir. 
Vernisajda Ə. Rzaquliyevin “Aşıq Ələsgər”, “Kəllin nallanması”, O. Sadıqzadənin “Qızlar bulağında”, “Aylı gecə”, T. Nərimanbəyovun “Muğam”, “Bahar”, “Sevinc”, T. Salahovun “Çənlər”, “Səhər eşalonu”, H.Haqverdiyev “Bahar”, “İki göyərçin”, V. Nərimanbəyovun “Xatirə”, “Yolda”, T.Sadıqzadənin “Xoşbəxtlik”, H. Nəzərov “Bizim dağlar”, “Şair Mikayıl Müşviqin portreti” kimi 70-dən çox rəngkarlıq və qrafik əsərləri nümayiş olunacaq.
Tədbir 18 may 2017-ci il tarixində, saat 16.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək.

 
 

Xalq rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı oldu

Aprelin 14-də Azərbaycan Milli İncəsənət Muzeyi və Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə Xalq rəssamı Altay Hacıyevin yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisinin açılışı oldu.
Azərbaycanın görkəmli rəssam və tanınmış incəsənət xadimlərinin iştirak etdikləri tədbirdə muzeyin direktor müavini Xədicə Əsədova qonaqları salamlayaraq, qocaman rəsssamı Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin adından təbrik etdi.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Xalq rəssamının sənət dünyasının sehrinə toplaşanlara onun zəngin irsindən, təsviri incəsənətimizdəki xidmətlərindən söz açdı. Öz çıxışda ittifaqın sədri Altay Hacıyevin Azərbaycanın böyük ziyalısı, mədəniyyət və ictimai xadimi, əsl vətənpərvər olduğunu və müasirlərimiz arasında bu cür yaradıcı insanın olması ilə fəxr etdiyini vurğuladı.
Xalq rəssamı Arif Hüseynov rəssamla olan dostluğunu, onunla səmimi yoldaşlığını dilə gətirərək, onun görkəmli rəssam, fəal ictimai xadim kimi böyük təcrübəsinin olmasını qeyd etdi. 
Tədbirdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova və rəssamın oğlu Addis Hacıyevgörkəmli fırça ustasına yaradıcılıq uğurları arzuladı.
Sonda rəssam tədbirə toplaşanlara, sənət dostlarına öz təşəkkürünü və bundan sonra da var gücüylə yaradıcılıq fəaliyyətini davam etdirəcəyini bildirdi.
Sərgidə görkəmli fırça ustasının “Qarabağ atları”, “Bakı bulvarı”, “Neft mədənlərində”, “Məclisi üns”, “Düşüncə”, “Bakı gecəsi”, “Natəvan dünyası”, “Arazın iki sahili” kimi 70-dən artıq rəngkarlıq və qrafik əsəri nümayiş olunur.
Qeyd edək ki, sərgi 17 aprel tarixinədək davam edəcək.

 
 

"Reinkarnasiya" sərgisi açılıb

27 yanvar tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ilə bağlı muzeyin və gənc rəssamların birgə layihəsi olan “Reinkarnasiya” adlı sərgi açılıb.
Azərbaycan Milli İncəsənət Muzeyinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əminə Məlikova edərək sərginin əhəmiyyətindən danışıb. Vurğulanıb ki, muzeyin fəaliyyətində yenilik olan növbəti innovativ layihədə müasir Azərbaycan rəssamlarının muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş edilən məşhur rəssam və heykəltəraşların əsərləri əsasında yaratdıqları reinkarnasiya (ruhun yenidən qayıdışı) olunmuş avanqard üslublu əsərlər nümayiş olunur. 
Sözügedən layihənin artıq bir ənənə halını alaraq şəhərimizin digər muzeylərində də keçirilməsinin nəzərdə tutulduğunu söyləyən Ə.Məlikova ziyarətçilərin sərgidən böyük zövq alacaqlarına əminliyini ifadə edib. Sərgiyə tamaşa etdikdə, Sizdə XVII-XIX əsrlərin sənət əsərlərinə yeni və fərqli baxış yaranacaq.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgiyə giriş bileti 2 AZN-dir.

Fotolar: Rüstəm Qasımov

 
 

Səhifə 2 > 21-dəan