Tədbirlər

Yeni ilin möcüzəsi

Hər kəsin ən çox sevdiyi və nağılvari bayram – Yeni il artıq qapımızı döyür. Yeni il öncəsi nağıllarda olduğu kimi möcüzə baş verir. Sizi, Azərbycan Milli İncəsənət Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə sürpriz gözləyir. Muzey Yeni il hədiyyəsi olaraq yeni aksiyaya start verir. Bayram günlərində -  3 və 4 yanvar tarixlərində hər kəs üçün muzeyə giriş 1 AZN olacaq!

Azərbaycan Milli İncəsənət Muzeyi paytaxtımızın sakinlərini və qonaqlarını  bu aksiyadan yararlanmağa dəvət edir.

Qeyd edək ki, tamaşaçılar həm muzeyin zəngin stosianar ekspozisiyası, eyni zamanda “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”  adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.

Hər kəsi sosial şəbəkələrdə paylaşdığı fotoları Azərbaycan Milli İncəsənət Muzeyinin #azerbmim haştag-ı altında paylaşmağa dəvət edirik. Ən yaxşı kreativ 15 foto seçilərək muzeyin səhifəsində paylaşılacaq.

 
 

Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi ilə müqavilə imzalandı

Dünən, 8 dekabr Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin direktorları Çingiz Fərzəliyev və Dmitri Strus arasında əməkdaşlıq müqaviləsi imzanlandı.

Müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat işinin aparılması,muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanması və Ukrayna-Azərbaycan mədəni əlaqələrinin qurulmasını bəyan edir. Eyni zamanda bu əməkdaşlıq müqaviləsi Azərbaycanda Ukrayna mədəniyyətinin, Ukraynada isə Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edəcək. İmzalanma mərasimində Ukraynanın Mədəniyyət Nazirliyinin Muzeyi işi şöbəsinin müdiri Çernoqor Vladimir Vasiliyeviç və Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin nümayəndələri iştirak edib.

Müqavilə rəmzi olaraq, muzeyin azərbaycanlı rəssam Bayram Hacızadənin fərdi yaradıcılıq sərgisinin nümayiş oldunduğu zallarda imzalanmışdır.

 
 

Professor Çingiz Fərzəliyevə Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalının təqdimetmə mərasimi keçirildi

Dekabr ayının 6-da Azərbaycan Milli İncəsənət Muzeyininn direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyevə Böyük Britaniyanın Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalının təqdimetmə mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev açdı. Nazir müavini Çingiz Fərzəliyevin Azərbaycan mədəniyyətində, incəsənətində, eyni zamanda Azərbaycan Milli İncəsənət Muzeyinin inkişafında göstərdiyi xidmətlərindən danışdı. Bu mükafatın nəinki professor Çingiz Fərzəliyevə, həmçinin Azərbaycanın zəngin mədəniyyətinə, tarixinə, dövlətinə göstərilən diqqət və qayğı olduğunu vurğuladı. Nazir müavini Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Kerol Kroftsa təşəkkürünü bildirdi və Çingiz Fərzəliyevi ali mükafat layiq göülməsi münasibətilə təbrik etdi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov  və Azərbaycan Yazıçılar Biriliyinin üzvü Xalq yazıçısı Çingiz Abdullayev çıxışlarında Azərbaycan Milli İncəsənət Muzeyinin son illər ərzində məhz Çingiz Fərzəliyevin rəhbərliyi altında bir təsviri sənət mərkəzinə, sənət məbədinə çevrilməsini vurğuladılar. Bu gün artıq Azərbaycan Milli İncəsənət Muzeyi çiçəklənmə dövrünü yaşayır. Məhz bu nailiyyətlərin  Çingiz Fərzəliyevin adı ilə bağlı olduğunu qeyd etdilər.

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Kerol Krofts çıxış edərək Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi ərəfəsində belə mötəbər bir medalın təqdimatını tarixi hadisə kimi dəyərləndirdi. Professor Çingiz Fərzəliyevin  beynəlxalq aləmdə, muzeylərin qarşılıqlı əlaqələri sahəsində apardığı işlər və bu sahədə əldə etdiyi nailiyyətlərdən söz açdı.

Daha sonra xanım səfir professor Çingiz Fərzəliyevi Kembric Beynəlxalq Bioqrafik Mərkəzinin “Fəxri professoru” medalı ilə təltif etdi.

Sonda professor Çingiz Fərzəliyev çıxış edərək qonaqlara öz təşəkkürünü bildirdi.

Tədbirdə  Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyevanın tələbələrindən ibarət “Detaşe” skripkaçılar ansamblı və Əməkdar artist Nərgiz Kərimovanın ifaları səsləndirdi.

Çingiz Fərzəliyev Azərbaycan Milli İncəsənət Muzeyinə həsr olunmuş “Azərbaycan rəngkarlığı antologiyası”, “Azərbaycan Dövlət İncəsənət Muzeyi” və “Azərbaycan el sənəti” adlı monoqrafiyaların, “Natürmort”, “Mənzərə”, “Portret” və digər nəfis nəşrlərlə yanaşı, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına həsr edilmiş 36 kitabdan ibarət “Sərvət” silsiləsinin də müəllifidir.

Qeyd edək ki, professor Çingiz Fərzəliyev 2014-cü ildə həmin mərkəzin təsis etdiyi “2014-cü il – İncəsənətdə görkəmli şəxs” mükafatına layiq görülmüşdür.

 
 

Beynəlxalq Əlillər Günü

3 dekabr “Beynəlxalq Əlillər Günü”dür. 1992-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə 3 dekabr “Beynəlxalq Əlillər Günü” kimi qeyd edilir. Azərbaycan 2008-ci ildən BMT Baş Məclisi tərəfindən qəbul edilmiş “Əlilərin hüquqları haqqında” Konvensiyaya qoşulub. 
Dövlətimiz tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə yaxşılaşdırılır. Bu yöndə həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Onların sosial müdafiəsi ölkə başçısı İlham Əliyevin də diqqət mərkəzindədir. 
2 dekabr tarixində Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) və Güvən Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbir keçirildi. 
Onların cəmiyyətə inteqrasiyası, mədəni həyatlarının yaxşılaşdırılması məqsədilə Şüvələn qəsəbəsindəki 2 nömrəli internat məktəbinin şagirdləri muzeyin qonağı oldular. Onlar surdotərcüməçi vasitəsilə muzeyin ekspozisiyası ilə tanış oldular. Azərbaycanın dulusçuluq sənət nümünələri, kompozisiya, ornament və rəng həlli ilə zəngin xovlu və xovsuz xalçaları, bədiiliyi və forma səlisliyi ilə seçilən tunc və misdən hazırlanmış metal nümunələri, miniatür sənəti, kəsim üslubları ilə bir-birindən fərqlənən milli geyimlər, bəzək əşyaları haqqında maraqlı məlumat əldə etdilər. Eyni zamanda zəngin kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyinin Avropa və rus incəsənəti, XVI-XX əsrləri əhatə edən “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərginin nadir eksponatları barədə məlumatlandırıldılar.
Daha sonra uşaqlarla əyləncəli oyunlar keçirildi.
Tədbirin əsas məqsədi xüsusilə qayğıya ehtiyacı olan insanların gündəlik həyat çətinliklərini aradan qaldıraraq, asudə vaxtlarının səmərəli və şəhərin maraqlı, eyni zamanda maarifləndirici məkanlarını ziyarət imkanı yaratmaq, onlara diqqət və qayğı ilə əhatə olunduğunu hiss etdirməkdir. 
İçimizdəki insanlığı unutmayaq!

 
 

Fransanın "Total" şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyi qeyd edildi

Azərbaycan Milli İncəsənət Muzeyində 21 noyabr 2016-cı il tarixində  Fransanın Total neft-qaz şirkətinin Azərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Totalın Azərbaycan üzrə regional icraçı direktoru Denis Lemarşal açıb.

Azərbaycanın Respublikasının Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Total” şirkətinin ölkəmizdə fəaliyyətinin 20 illiyi münasibətilə şirkət rəhbərliyini təbrik edib.

Nazir Azərbaycanla Fransa arasında mədəni, iqtisadi, siyasi əlaqələrin  günü-gündən intensivləşdiyini, eyni zamanda  SOCAR ilə “Total” arasında uğurlu və işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə davam etdiyini qeyd edib.

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev SOCAR və “Total” arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələrindən bəhs etmiş, hər iki şirkətin birgə iştirak etdiyi neft-qaz layihələrinin regional və beynəlxalq enerji təhlükəsizliyində oynadığı rolu xüsusi qeyd etmişdir.

“Total”ın baş icraçı direktoru Patrik Puyanne Azərbaycanla əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını söyləyib, əməkdaşlığın inkişafı üçün geniş perspektivlər gördüyünü bildirib. O, Azərbaycanda həyata keçirilən layihələrin gedişini diqqətlə izlədiklərini qeyd edib, yeni investisiya imkanlarını araşdırdıqlarını və Azərbaycanda neft-qaz əməliyyatlarına sərmayə qoyuluşunu davam etdirəcəklərini deyib.

Tədbirdə mədəniyyət, dövlət və ictimai xadimləri iştirak ediblər.

Tədbir çərçivəsində Fransanın Total neft-qaz şirkətinin dəstəyi ilə  keçirilən  “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından”  adlı sərginin ilkin, qapalı nümayişi olub.

Sərginin açılış mərasimi noyabr ayının 25-i keçiriləcək. Sərgi 26 noyabr 2016-cı il tarixindən 26 yanvar 2017-ci il tarixinədək açıq olacaq.

Zəngin və rəngarəng kolleksiyaya malik Azərbaycan Milli İncəsənət Muzeyi, toplusunda xüsusi yer tutan fransız bədii mədəniyyətini sənətsevərlərə təqdim edir. “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisində fransızrəssam, heykəltəraş, qravürvə sənətkarlarının yüksək yaradıcılıq ənənələri, ideyaları müxtəlif texnikalarda yaratdıqları təsviri və dekorativ tətbiqi sənət əsərlərində tam, dolğun şəkildə əks olunmuşdur.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamı ilə elan edilən “2016-cı il - Multikulturalizm ili” və həmçinin Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində keçirilir.  “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

 

 

 

 
 

Xalq rəssamı Maral Rəhmanzadənin yubiley sərgisi açılıb

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin 100 illik yubiley sərgisi açılıb.

Sərgidə mədəniyyət və incəsənət xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbiri giriş sözüylə açan Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərgi haqda qısa bilgi verdi. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxışında məşhur rəssam, rəngkar və qrafik Maral Rəhmanzadənin incəsənət tariximizdə tutduğu yerdən bəhs etdi. Bildirdi ki, rəssam xalqımızın çoxəsrlik mədəniyyətində özünə əbədilik qazanmış şəxsiyyətlərdəndir. Nazir müavini sağlığında Maral xanımla bir neçə dəfə görüşdüyünü, həmin görüşlərin onun yaddaşında gözəl xatirələrlə qaldığını vurğuladı.

Qeyd etdi ki, rəssamın yaradıcılığında Azərbaycan təbiəti, məişəti, doğma yurdun bütün gözəllikləri böyük ustalıq və bədiiliklə, sevgiylə tərənnüm olunub. Bunun nəticəsidir ki, ilk qadın rəssamlarımızdan olan M.Rəhmanzadə yaradıcılığı ilə özündən sonra xalqı üçün böyük mənəvi sərvət qoyub gedib.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov görkəmli fırça ustası ilə səmimi, doğma münasibətindən, onun zəngin yaradıcılığından, öz sənətinə olan vurğunluğundan danışdı. Vurğuladı ki, Maral Rəhmanzadənin əsərlərində doğma yurda bağlılıq, əsrarəngiz təbiətinə dərindən vurğunluq onun əsərlərini hər zaman tamaşaçı üçün əbədiyaşar edir.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov da Maral xanımın rəssamlıq tarixindəki uca mövqeyindən söz açdı. Bildirdi ki, M.Rəhmanzadəni Azərbaycanın ən ucqar kəndlərində belə yaxşı tanıyırdılar. Rəssam ömrünün sonuna qədər yaradıcılığına sadiq qalıb, fırça və kətandan ayrılmayıb. O, Neft daşlarından əsərlər çəkən ilk rəssam olub.

Rəssamın ailəsi adından danışan professor Ceyran Mahmudova sərginin təşkilinə görə əməyi keçən hər kəsə, tədbirə gələn bütün sənətsevərlərə minnətdarlığını bildirdi.

Sərgi noyabrın 19-da başa çatacaq.

 
 

17 noyabr - milli birlik, oyanış günü

17 noyabr - Milli Dirçəliş Günüdür, bu gün Azərbaycanın müstəqilliyinin bərpasında önəmli və tarix rol oynayır. Azərbaycan Milli İncəsənət Muzeyində  bu münasibətilə “17 noyabr-milli birlik, oyanış günü” adlı tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli İncəsənət Muzeyinin direktor müavini Qəmər Məlikova bayram münasibətilə təbrik etdi. Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı keçirilən tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış etdi. Şagirdlərin ifasında A.Zeynallı, A.Məlikov, H.Rzayev, N.Əliverdiyev və A.Bəbirov kimi bəstəkarların əsərləri səsləndirildi.

Daha sonra şagirdlərə muzeyin Elmi-bərpa şöbəsinin müdiri Natiq Səfərovun rəhbərliyi uşaqlara “ustad dərsi” keçirildi.

 

 
 

Niyyət Protokolu

30 sentyabr 2016-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin baş direktoru Dmitri Stus ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalandı.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyəti haqqında danışdı. Bildirdi ki, muzeyin 80 illik yubileyi ərəfəsində belə bir protokolun imzalanması əlamətdar hadisələrdən birinə çevrilir. İmzalanacaq protokol birgə əməkdaşlıq, iş təcrübəsi üçün səmərəli şərait yaradacaq və muzey əməkdaşlarının təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxışı zamanı müharibələr və hərbi münaqişələr zamanı məhv edilən abidələr, insanların incəsənətə marağı barəsində fikirlərini bölüşdü. O, hərbi sahəyə sərf edilən maliyyənin mədəniyyətə, sənətə həsr edilərək insanları sülhə səsləməsinin tərəfdarı olduğunu dilə gətirdi. Muzeyin baş mühafizi Nailə Rəhimova çıxışı zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin yaranma tarixi və eksponatlar haqqında qonaqlara məlumat verdi.

Tədbirdə çıxış edən Ukraynanın Taras Şevçenko adına Milli muzeyinin baş direktoru Dmitri Stus bildirdi ki, protokol muzeylər arasında yeni mərhələyə rəvac verir. Qarşılıqlı əlaqələr bizi bir-birimizə yaxın edəcək və muzey işi sahəsində təcrübələrimizi bölüşməyə imkan yaradacaq. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev isə imzalanacaq niyyət protokolunun elmi-tədqiqat işi, iş təcrübəsi mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında informasiyanın, elmi-metodiki ədəbiyyatın mübadiləsi sahələrində tərəflərin əməkdaşlığı üçün yeni bir səhifə açdığını bildirdi. Əlaqələrin davamlı olacağını dilə gətirdi. Tədbir muzey direktorları arasında Niyyət Protokolu imzalanma mərasimi ilə sona yetdi.

 
 

Səhifə 3 > 14-dəan