Tədbirlər

Azərbaycan Milli İncəsənət Muzeyində təqdimat mərasimi

Yaponiyanın “Hiroşima Sülh naminə Daş Assosiasiyası” təşkilatı və Yaponiyanın “Kyodo News” informasiya agentliyi dünyada sülhün təbliği məqsədilə “Sülh naminə Daş” adlı xatirə simvolunu Azərbaycan Respublikasına hədiyyə etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılağı ilə 2015-ci ilin 16 oktyabr tarixində saat 12.00-da Azərbaycan Milli İncəsənət Muzeyində Yaponiyanın “Sülh naminə Daş Assosiasiyası” təşkilatı tərəfindən Azərbaycan Respublikasına hədiyyə edilmiş “Sülh naminə Daş” adlı xatirə simvolonun təqdimat mərasimi keçiriləcəkdir. Təqdimat mərasimində respublikanın dövlət və hökümət rəsmiləri, Yaponiyanın “Sülh naminə Daş Hirosima Assosiasiyası” təşkilatı və Yaponiyanın “Kyodo News” informasiya agentliyinin nümayəndə heyəti, habelə Bakı şəhərində akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak edəcəklər. 1945-ci ilin 6 avqustunda Yaponiyanın Hiroşima şəhərinin səmasında atom bombası partladı. Minlərlə dinc insan bu vaxta qədər görünməmiş dəhşətli faciənin qurbanına  çevrildi. Artıq bu faciədən 70 il ötməsinə baxmayaraq, onun yaratdığı fəsadları hələ də bir çox insanlar öz üzərində daşıyırlar. Xirosima qurbanlarının xatirəsi hər il Yaponiyada dərin hüznlə yad edilir. Azərbaycanla bərabər artıq bir çox ölkələrə hədiyyə edilmiş daş üzərində təsvir edilən əbədi sülh arzulayaraq dua edən Kanon ilahəsi monolit yonulmuş relyefli baş şəklindədir.  İlahənin obrazı ¾ sağa doğru çevrilmiş, budda ikonoqrafiya incəsənəti ənənəsində, çiyininə tökülmüş şinyonla bəzədilmiş saçları üzərində yoqa duruşunda Buddanın təsviri yonulmuş, qulaqlarında dairəvi sırqalar, sinəsi 9 iri dairəvi muncuqlarla bəzədilmişdir. “Sülh naminə Daş” adlı xatirə simvolunun Azərbaycan Milli İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilməsi atom faciəsi qurbanlarına hörmət rəmzi olmaqla yanaşı Azərbaycan-Yapon mədəni əlaqələrinin inkişafına yeni töhfədir.

 
 

Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyində olmuş, muzeyin direktoru professor Çingiz Fərzəliyevlə görüşmüşdür

1 oktyabr 2015-ci il tarixində Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar olaraq Azərbaycan Milli İncəsənət Muzeyində olmuş, muzeyin direktoru professor Çingiz Fərzəliyevlə görüşmüşdür. Görüş zamanı ölkəmizdən və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də Fransa-Azərbaycan mədəni əlaqələrinin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirmişdir.  Çingiz Fərzəliyev də öz növbəsində Paskal Mönyenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli mədəni əlaqələrin inkşafındakı rolunu xüsusilə qeyd edib və səfirə gələcək fəaliyyətində uğurlar azrulamışdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 

Amsterdama işgüzar səfər

Cari ilin avqust ayında Azərbaycan Milli İncəsənət Muzeyinin Beynəlxalq əlaqələr və innovasiyalar şöbəsinin müdiri Əminə Məlikova və Rəngkarlıq bölməsinin müdiri Mehriban Nuriyeva Niderland Krallığının Mədəniyyət araşdırmaları fondunun dəvəti ilə Amsterdam, Haaqa və Maastrixt şəhərlərində işgüzar səfərdə olmuşlar. Səfər çərçivəsində Amsterdam şəhərində yerləşən dünyanın aparıcı muzeylərindən biri olan Rijksmuseum muzeyində Mədəniyyət araşdırmaları fondunun rəhbəri Alie Gotrter, idarə heyətinin sədri Jan Hesselingi və fondun baş mütəxəssisi Fəridə Hüseynova ilə əməkdaşlarımız arasında görüş keçirilmişdir. Görüş əsnasında baş tutan dəyirmi masada sənət əsərlərinin bərpası, atribusiyası, sərgi və digər sahələrdə əməkdaşlıq işlərinin birgə həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur. Qonaqlar üçün Rijksmuseum muzeyində qorunub saxlanılan dahi holland rəssamı Rembrandtın əsərləri üzrə ekskursiya təşkil olunmuşdur.Bundan başqa əməkdaşlarımız Haaqa və Maastrixt şəhərlərinin aparıcı muzeylərini ziyarət etmiş, Maastrixt şəhərində yerləşən dünyanın ən böyük bərpa və konservasiya mərkəzi sayılan SRAL bərpa və konservasiya mərkəzində olmuşlar. Əməkdaşlığın nəticəsi olaraq bu ilin sonunda Azərbaycan Milli İncəsənət Muzeyində SRAL bərpa və konservasiya mərkəzindən dəvət olunacaq mütəxəssislərin rəhbərliyi ilə Azərbaycan muzeylərində çalışan bərpaçılar, o cümlədən bu sahə üzrə təhsil alan tələbələr üçün bərpa və konservasiya üzrə treninqlərin keçirilməsi planlaşdırılmışdır. Qeyd edək ki, bu treninq Azərbaycan Milli İncəsənət Muzeyinin ilk addımı deyil. Azərbaycan Milli İncəsənət Muzeyi aparıcı muzey aktuallığını qoruyub saxlamaqla yanaşı, vaxtaşırı muzey mütəxəsisslərinin inkişafı, eləcə də ictimaiyyətin muzeyə olan marağının artırılması sahəsində öz töhfəsini verən bu cür təlimlər həyata keçirir.

 
 

Foto jurnalist Ələkbər Ağasiyev “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür

Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi respublikada geniş qeyd olunur. Bu tarixi gün 1875-ci il iyulun 22-də görkəmli ədib və ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı - “Əkinçi” qəzetinin işıqüzü gördüyü gündən başlanır. Təsadüfi deyil ki, Azərbaycan jurnalistləri də bu günü öz peşə bayramları kimi qeyd edirlər. Məhz bu əlamətdar gün münasibətilə Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  20 iyul 2015-ci il Sərəncamına əsasən əməkdaşımız, foto jurnalist Ələkbər Ağasiyev  “Əməkdar Mədəniyyət İşçisi” fəxri adına layiq görülmüşdür. Ələkbər Ağasiyev yaradıcılıq fəaliyyəti müddətində ABŞ, Kanada, İspaniya, Fransa, Almaniya, İsveç, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Macarıstan və bir çox ölkələrin nüfuzlu foto cəmiyyətlərinin təşkil etdikləri bədii foto- sərgilərin iştirakçısı olmuş və çoxsaylı medallar, diplomlar qazanmışdır. Belə ki, 2001-ci ildə London-Bakı foto müsabiqəsində “Qran-Pri” mükafatı, 2009-cu ildə “Humay”milli mükafatı, 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyi münasibəti ilə Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi” mükafatına  layiq görülmüşdür. 1976-cı ildən SSRİ Jurnalistlər İttifaqının, 1991-ci ildən isə Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

 
 

Amerika Birləşmiş Ştatları departamentinin təşkilatçılığı ilə AB-ın Vaşinqton, Nyu-York və Ohio ştatlarına işgüzar səfər

Cari ilin iyul ayının 19-da Azərbaycan Milli İncəsənət Muzeyinin İqtisadi məsələlər üzrə direktor müavini Marina Aslanova, Beynəlxalq əlaqələr və İnnovasiyalar şöbəsinin müdiri Əminə Məlikova, Sərgi və tərtibat şöbəsinin müdiri Araz Osmanov və Elmi katib Xədicə İbrahimova Amerika Birləşmiş Ştatları departamentinin təşkilatçılığı ilə AB-ın Vaşinqton, Nyu-York və Ohio ştatlarına işgüzar səfər etmişlər. Səfər çərçivəsində ABŞ-ın bir neçə aparıcı muzeylərinin mütəxəssisləri ilə görüş keçirilmişdir. Görüş əsnasında əməkdaşlarımız "Azərbaycan muzeylərinin inkişaf tarixi" mövzusunda çıxış edərək, yerli mütəxəssisləri Azərbaycanın aparıcı və müasir muzeyləri, muzeylərin sərgi imkanları, keçirilən maraqlı sərgilər barəsində məlumatlandırmışlar. Mövzuya dair foto şəkillər və video çarx nümayiş etdirilmişdir. Həmçinin, görüşdə gələcəkdə mədəni əlaqələrin genişləndirilməsi baxımdan qarşılıqlı, mühüm əhəmiyyət kəsb edəcək layihələrin həyata keçirilməsi müzakirə edilmişdir.

 
 

Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan incəsənətinin görkəmli təbliğatçısı, professor Çingiz Fərzəliyev daha bir fəxri ada layiq görüldü

Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycan incəsənətinin görkəmli təbliğatçısı, professor Çingiz Fərzəliyev daha bir fəxri ada layiq görüldü. 16 iyul 2015-ci il tarixində Azərbaycan mədəniyyət və incəsənət xadimlərindən ibarət nümayəndə heyəti Tiflisdə olmuşlar. Tbilisi Dövlət İncəsənət Akademiyasında həmin akademiyanın məzunu olmuş azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi keçirilmişdir. Tədbirdə Gürcüstan Milli Muzeyinin direktoru akademik David Lortkipanidze, Gürcüstanın sabiq Mədəniyyət naziri professor Valeri Asatiani və Tbilisi Dövlət İncəsənət Akademiyasının rektoru professor Giya Quqaşvili çıxış edərək Azərbaycan-Gürcüstan dostluq əlaqələrindən söhbət açmışlar. Gürcüstanın Mədəniyyət və Abidələrin Müafizəsi Nazirliyi, Tbilisi Dövlət İncəsənət Akademiyasının qərarı ilə rektor Giya Quqaşvili professor Çingiz Fərzəliyevə, Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və Xalq rəssamı Salxab Məmmədova Akademiyanın “Fəxri doktoru” diplomunu təqdim etmişdir.

 
 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev Gürcüstanda işgüzar səfərdə olub. Səfər çərçivəsində muzeyin direktoru professor Çingiz Fərzəliyev və Tbilisi Dövlət Rəssamlıq Akademiyasının rektoru Georgi Ququşvili arasında 5 illik qarşılıqlı razılıq əsasında memorandum imzalanıb. Memorandumda maarif sahəsində akademik və mədəni mübadiləni inkişaf etdirmək, eyni zamanda mübadilə sərgiləri, birgə tədqiqat işlərinin aparılması, eksponatların atribusiyası kimi müddəalar öz əksini tapıb. Bu əməkdaşlıq Azərbaycan Milli İncəsənət Muzeyinin iki ölkə arasında mədəni əlaqələrinin inkişafı və genişləndirilməsi istiqamətində ilk addımı deyil. 2014-ci ilin noyabrın 18-də Azərbaycan və Gürcüstanın Milli İncəsənət muzeyləri arasında ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Mədəni əlaqələrin inkişafının nəticəsi olaraq son illərdə Azərbaycan Milli İncəsənət Muzeyində geniş tamaşaçı kütləsinin marağına səbəb olan Mamuka Tsetskhldzenin “Şəhərlər”, Tamara Kvisitadzenin fərdi, habelə “Xətt və boya”, “Sevgi ilə Gürcüstandan” adlı sərgilər keçirilib.

 
 

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Incəsənət xadimi, professor Çingiz Fərzəliyev "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl mükafatı və diplomu ilə təltif olunmuşdur

22 may 2015-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Azərbaycanın Əməkdar Incəsənət xadimi, professor Çingiz Fərzəliyev "Avropa Nəşr Mətbuat Evi"nin təsis etdiyi "İlin ən yaxşı vətənpərvər tədqiqatçı alimi” qızıl mükafatı və diplomu ilə təltif olunmuşdur. “Avropa Nəşr Mətbu Evi” mükafat komissiyasının qərarı ilə professor Çingiz Fərzəliyev bu mükafata milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, natürmort janrının mənşəyi, tarixi inkişaf yolu, estetik mahiyyəti, bədii təsvir imkanları sahəsində uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, dərs vəsaitlərinə, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında və ölkədə rəssamlıq elminin inkişafı tarixində göstərdiyi xidmətlərinə görə layiq görülmüşdür. Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində "Avropa Nəşr Mətbuat Evi”nin direktoru Şöhrət Səlimbəyli çıxış edərək müsabiqə komissiyasının Çingiz Fərzəliyevin elmi-yaradıcılıq fəaliyyətini araşdırdıraraq bu mükafatla təltif etmək haqqında yekdil qərara gəldiyini bildirdi. Çingiz müəllimin qazandığı nailiyyətlərdən, Azərbaycan incəsənətinin təbliğ olunmasında, tədqiqi və nəşrində xidmətlərindən danışaraq qızıl medalı və diplomu professora təqdim etdi. 
Tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi üzrə sektor müdiri Azadə Hüseynova, nazirliyin mətbuat katibi Zöhrə Əliyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini Xədicə Əsədova və muzeyin baş mühafizi Nailə Rəhimova söz alaraq bu mükafatın professor Çingiz Fərzəliyevə verilməsini layiqli hesab etdiklərini bildirdilər, onun bir şəxsiyyət kimi yüksək keyfiyyətlərindən, cəmiyyətdəki fəal ziyalı mövqeyindən və peşəkar tədqiqatçı, nəcib insan olmasından danışdılar. Sonda Çingiz Fərzəliyev çıxış edərək, bu yüksək mükafata görə "Avropa Nəşr Mətbuat Evi"nin rəhbərliyinə öz təşəkkürünü bildirdi.

Foto: Ələkbər Ağasiyev

 
 

Səhifə 4 > 13-dəan