Публикации

Londonda dərc olunan, nüfuzlu “Open central asia” jurnalının 2015-ci il nəşrində Azərbaycan zərgərlik sənətindən bəhs edən“Füsunkar Azərbaycan: Bakı zərgərlik sənəti” adlı məqalə dərc olunmuşdur

Недоступен ни однин перевод.

Londonda dərc olunan, nüfuzlu “Open central asia” jurnalının  2015-ci il nəşrində Azərbaycan zərgərlik sənətindən bəhs edən“Füsunkar Azərbaycan: Bakı zərgərlik sənəti” adlı məqalə dərc olunmuşdur. Məqalənin müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədovadır. Məqalədə adları qeyd olunan zərgərlik nümunələri Azərbaycan Milli İncəsənət Muzeyinin və digər muzeylərin kolleksiyalarına aiddir.

Füsunkar Azərbaycan : Bakı zərgərlik sənəti

Hər xalq bəşər mədəniyyətini zənginləşdirən  sənət nümunələri ilə fəxr edə bilər. Azərbaycan xalqı da öz növbəsində xalça, geyim, bədii tikmə, metal, soyuq silah və s. yanaşı yaratdığı zərgərlik sənəti ilə də tanınır. Bu sənətlə xalqımızın e.ə.belə bütün Azərbaycan boyu məşğul olduğunu sübut edən  arxeoloji dəlillər mövcuddur. Hər elin, hər obanın öz dəst xətti, geyim tərzi olduğu kimi zərgərlik sənətində  Qarabağ, Təbriz, Şəki, Bakı, Naxçıvan, Lənkəran və s. hazırlanan sənətkarlıq nümunələri biri digərindən bədii üslubu ilə seçilirdilər.

Bakı zərgərlik məktəbinin yaratdığı nümunələr nəinki Azərbaycan, hətta bütün Qafqaza, Rusiyaya  sənətkarlıq baxımından öz bədii forması, üslubu və özəl texniki xüsusiyyətləri ilə örnək olmuşdu.

Bu ərazi ticarətin, kapitalist münasibətlərinin sürətlə inkişaf etdiyi ən mühüm şəhər idi. Rus səyahətçisi E.Markov yazırdı: “Bakı bu günün deyil, gələcəyin şəhəridir, o nağıllardakı kimi saatlarla böyüməkdədir ... Bakı Şərqin Marselinə çevrilir. Bu şəhərdə zərgərlik emalatxanaları cərgə ilə düzülüb. Orada gümüşdən, firuzə ilə bəzədilmiş filiqran məmulatlarının gözəl nümunələri emal olunmaqdadır”.

Bakı zərgərlərinin nəfis şəkildə gümüş, qızıl, ləl və cavahiratdan hazırladıqları sırğalar, sinəbənd, alınlıq, bilərzik, üzük, kəmər, sancaqlar və məxmər, zərxara libasları bəzəyən “qoza”, ”katibi”, “quşpara” düymələr, səkkizbucaqlı, dairəvi, düzbucaq, yarpaq, balıq, gül formalı  piləklər və müxtəlif asmalar onu gəzdirən zadəgan ailələrinə mənsub xanımların cəmiyyətdəki sosial statuslarını müəyyənləşdirirdi (il.1).

XIX əsrdə Bakıda tanınmış zərgərlər ordusu yetişmişdi. Onların hər biri nəinki texniki və bədii üslub, həmçinin də məmulatların növü baxımından peşəkar səviyyəyə çatmış sənətkarlar idilər. Bu mənada qəlibkarlıqda Bakıda tanınmış A.Sultanov silsilə, Q.Ağayarzadə boyunbağı, qolbaq, Qulammirzə Kərbəlayı Əbdülbağı oğlu cərgəli gül cütqabağı, M.Bədəlov qələm, tütün qabı, Hacı Səməd Əbdüləli oğlu kəmər və düymələr üzrə; şəbəkəçilikdə Məşədi Əliabbas bilərzik və kəmər, usta Fərəc boyunbağı; qarasavadda usta Hacı Əbdüləli və Ş.Əliyev qalın kəmərlər üzrə; minasazlıqda Molla Fərəci (il.2), Ə.Kərimov, Ə.Yusifov, M.İsmayılov və b. “piyalə-zəng” sırğalar və minalı üzüklər, düymələr, baş bəzəyi ustalığında   ixtisaslaşmışdılar.

Əksər hallarda savadsız və yoxsul zərgərlərin əli ilə hazırlanmış bu məmulatlar öz gözəlliyi, nəfisliyi, rəng ahəngi və orijinal forması ilə insanı valeh edir. Yaqut, almaz, firuzə, zümrüd kimi qiymətli qaş-daşlar bu gözəllik quruluşlarını bədii-estetik baxımdan daha da zənginləşdirirdi (il.3).

Qızıl tellərdən  şəbəkə texniki üslubunda düzəldilmiş sinəbənd milli bəzəklərin şahıdır. Bu sinəbəndin ən ilk, orijinal nümunəsi bakılı usta Fərəcin xüsusi məharəti sayəsində meydana gəlmişdir. Daha sonralar bu ustanın yaratdığı sinəbənd əsasında minlərlə təqlid olunmuş nəfis nümunələr hazırlanmışdır (il.4).

Təqdim olunan nümunə irili-xırdalı zoomorf, nəbati, astral formalı detalların bir bədii kompozisiyada vəhdət şəklində düzülüşündən ibarətdir. Bu məmulatda istifadə edilən bəzəklər sadə və mürəkkəb formada biçiliblər. Dekorativ çərçivəciklər spiral formalı şəbəkə naxış ünsürləri ilə bəzədilmişdir. Sinəbənddə  minlərcə cızma, burma, və eşmə üsulu ilə qızıldan düzəlmiş vergül şəkilli “vov”, “girdə biçək”, “daraq biçək” adlanan dekorativ şəbəkə elementi istifadə edilmişdi.  Ay, ulduzu xatırladan iç-içə bərkidilmiş on iki ləçəkli çiçək, ulduz, balıq, üç ləçəkli yarpaqlar üfüqü və şaquli istiqamətdə qızıl halqacıqlara çox sərbəst, peşəkarlıqla taxılaraq məmulatın silsiləvilik bədii effekt təsirini gücləndirir. Bu bədii tərtibatla Bakı zərgərləri öz müqəddəsliklə bağlı təsəvvürlərini obrazlı şəkildə ifadə edirdilər.

Qızıldan hazırlanmış asmalar qadın bəzək əşyaları içərisində ən dəbdə olan məmulatlardan sayılır. XIX əsrdən başlayaraq Bakının iqtisadi vəziyyətinin inkişafı, bu şəhərin təkcə qonşu ölkələrlə deyil, uzaq  xariclə də ticarət əlaqələrinin genişlənməsinə imkan verir. Bu mənada

Bakıya Avropadan gətirilən zinət nümunələrinin modelləri yerli zərgərlər tərəfindən milli üslubun incəlikləri əlavə edilərək yeni bədii formalarda yaradılırdılar. Almaz, yaqut, zümrüd qaşlarıyla hazırlanan asmalar əsasən kübar təbəqəyə mənsub olan şəhər varlıları üçün nəzərdə tutulurdu. Əksər hallarda çervon qızıldan hazırlanan və üzəri qiymətli qaş-daşlarla bəzədilmiş bu əsərlər milli irsimizin iftixarıdır (il.5).

Gözəlliyi heç bir şübhəyə  yol verməyən asmada rəng və ya forma baxımından nəyin daha üstün olduğunu müəyyən etmək çətindir. Güllərin qırmızı və ağ rəngli qaşlarla bəzədilmiş dilimli ləçəkləri ilə qızılın sarı çaları ritmik şəkildə bir-birini tamamlayır. Asmanı tamamlayan bəyaz incilər bu polixrom ansamblı öz həzinliyi ilə daha da ifadəli edir.

Digər asma nümunəsi isə daha gənc qızlar üçün nəzərdə tutulmuşlar (il.5/1).  Xalq arasında “Aypara” adlanan bu asmanın mərkəzi firuzə daşı, sonluğunda işlənmiş incilər və texnikasında istifadə edilən  şəbəkə işləmə üsulu da diqqəti cəlb edir. Zərifliyi ilə fərqlənir. Onun ay və səkkizbucaqlı ulduz forması çox qədim zamanlarda astral kultlara olan inamdan doğur.

Zinət əşyaları içərisində əhəmiyyətli yer tutan və kəmərin əsas dəbdəbəli hissəsi sayılan toqqalar da Bakı zərgərləri tərəfindən ənənəvi olaraq şəbəkə üslubunda icra edilirdi (il. 6). Yüksək əyarlı qızılın ecazkar rəngi, şəbəkə üslubuna xas olan imkandan ustanın fərdi bədii üsulu seçmə qabiliyyəti fantastik toqqaların meydana gəlməsinə səbəb olurdu. Hazırlanan hər zərgərlik nümunəsində onu taxacaq xanımın yaş həddi də nəzərə alınırdı. Yəni gənc qızlar üçün daha zərif, gəlinlər üçün şux rəngli qaşlar və dəbdəbəli modellər seçilirdi, bir qədər yaşlı nümayəndələr üçün isə daha ağır çəkili qızıl və sabit ənənəvi tərtibatda olan əşyalar hazırlanırdı (il.7).

Bakı zərgərlərinin sonsuz bədii təfəkkürü əsasında hazırlanan, ən sevilən “piyaləzəng” sırğarın modelləri də sonsuzdur. Şəbəkə (il.8) və ya minasazlıq üslubunda hazırlanan bu sırğarın hər iki şəkli orijinaldır. İki pilləli, piyalə formalı və ətəkləri qotazabənzər, yumru piləklərlə bəzədilmiş bu sırğa bitkin bədii tərtibata malikdir. Sırğa özünəməxsus naxış və texnoloji xüsusiyyətləri ilə yanaşı, həm də Şərq incəsənəti üslubunu xatırladır. Üzəri zərif, qızılı simlərlə butayabənzər şəkildə işlənmiş sırğada silsiləvi müvazinət quruluşu mövcuddur.

Sadalanan bütün nümunələr zəngin xəzinədir. Lakin bunlar xalqımızın təkcə maddi deyil, min illər boyu yaddaşlarda qorunub saxanmış mənəvi sərvətidir. Onlar zamanla cilalanmış, inkişaf etmiş, günümüzədək gəlib çatmışlar. Gələcək nəsillər üçün isə əvəzsiz nümunələrdirlər.

Şəkillərin siyahısı:

1.Bakılı qadın. 1870-ci illər

2. Sırğa. Bakı. XIX əsr. Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından.

3. Asma. Bakı. XIX əsrin ortaları. Mili Azərbaycan Tarixi Muzeyinin  kolleksiyasından.

4. Sinəbənd. Bakı. XX əsrin əvvəli. Mili Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından.

5. Ay-ulduz asma. XIX əsrin sonu-XX əsrin əvvəli. Azərbaycan Milli İncəsənət Muzeyinin

kolleksiyasından.

6. Toqqa. Bakı. XIX əsrin sonu. Mili Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından.

7. Aynalı kəmər. XIX əsr. Mili Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından.

8.“Piyaləzəng” sırğa.Bakı. XIX əsrin sonu. Azərbaycan Milli İncəsənət Muzeyinin

kolleksiyasından.

 

Sərvət

Недоступен ни однин перевод.

Azərbaycan təsviri sənət ustalarına həsr olunmuş “Sərvət” albomlar silsiləsinin hazırlanmasında Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları yaxından iştirak etmişlər.

Silsilədə Azərbaycan Milli İncəsənət Muzeyinin,

Müasir İncəsənət Muzeyinin,

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin,

Azərbaycan Dövlət Rəsm Qalereyasının,

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin,

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondlarında saxlanılan əsərlərdən və arxiv materiallarından istifadə olunmuşdur.

Silsilədə həmçinin özəl qalereyalarda və şəxsi kolleksiyalarda qorunub saxlanılan sənət əsərləri də təqdim edilmişdir

 
 

Azərbaycan Dövlət İncəsənət Muzeyi, 2010

Недоступен ни однин перевод.

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi Bakının mərkəzində , XIX əsrin sonlarında inşa edilmiş, ən gözəl binalardan biri də -ikimərtəbəli malikanədə yerləşir.

Bakının tarixilə bağlı aparılan tədqiqatlarda xeber verdiyinə görə 1888-ci ildə bəlli olur ki, şəhərin Sadovaya küçəsi 9 ünvanında mülki mühəndis N.A fon  der Nonnenin layihəsi ilə zəngin bir bina ucaldılır. Bu – baron Rotşildin işlərini idarə edən Deburun malikanəsi idi. Ölçülərinin və yerinin uğurlu seçimi ətrafındakı tikililərin əhatəsində məhz bu binanın kompozisiyasını mənalandırır.

Vestibüldəki ağ mərmər pilləkənlər tamaşaçını yuxarı mərtəbəyə aparır. Burada nəfis kaşılı sobaları olan zəngin zallar bir-birini ardıcılıqla əvəzləyir.

Подробнее...

 
 

Azərbaycan Rəngkarlığı – Antologiya, 2007

Недоступен ни однин перевод.


Müəllif: Çingiz Fərzəliyev

Azərbaycan xalqının bədii mədəniyyəti tarixində dekorativ tətbiqi sənətin müxtəlif növləri ilə yanaşı rəngkarlıq şərəfli yer tutur. Rəngkarlığın ənənələri əsrlər boyu inkişaf etmiş – orta əsrlərin miniatür sənəti və divar rəsmlərindən sonra  mövzu, janr və üslub müxtələfliyi ilə fərqlənən dəzgah rəngkarlığı meydana çıxmışdır. Bu kitaba orta əsrlərdən başlayaraq bu günə kimi inkişaf edən və bir sira muzey və şəxsi kolleksıyalarda saxlanılan Azərbaycan rəngkarlığına aid əsərlər daxil edilmişdir.