Azərbaycan Milli İncəsənət Muzeyində "Maarifləndirmə ayı"na start verildi

2 aprel  dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur. Bu bayram 1967-ci ildən eyniadlı beynəlxalq şuranın qərarıyla qeyd olunmağa başlayıb. Bu tarix təsadüfən seçilməyib, məhz bu tarixdə uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan görkəmli danimarkalı yazıçı Hans Xristian Andersen anadan olub. Həmin gün bütün balacalara və böyüklərin əksəriyyətinə kitab oxumağın vacibliyi barədə danışılır. Həyatımızda ilk dərk edilmiş əsər məhz uşaq kitabı olur və çox şey onun keyfiyyətindən asılıdır. Kitab insanın bir şəxsiyyət kimi formalaşmasında əhəmiyyətli dərəcədə rol oynayır.

Hər il 1996-cı ildən etibarən 23 aprelin "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" kimi qeyd edilir. "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" YUNESKO-nun 15 noyabr 1995-ci ildə keçirilən 28-ci sessiyasında elan edilmişdir (3. 18 saylı qətnamə). Bu qərar mədəni ənənələrinin inkişafı və maarifləndirilməsi məqsədilə, eləcə də kitabın biliyi intişar etdirən mühüm və onun saxlamasında ən etibarlı vasitə olduğunu nəzərə alaraq qəbul edilib. Qətnamədə həmin gün kitab sərgi və yarmarkalarının keçirilməsinin səmərəliliyi barədə bildirilir.

Azərbaycanda kitab mütaliəsinin intişarının vacibliyi və əhəmiyyətini nəzərə alaraq, kitab mütaliəsi prosesinə, o cümlədən də kitab mədəniyyətinə, böyüklərin və xüsusilə də uşaq auditoriyasının cəlb edilməsi məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi yuxarıda qeyd edilən Kitab Gününə həsr olunan beynəlxalq proqram və aksiyalara qoşulur. Bu fəaliyyətin mühüm əhəmiyyətini vurğulamaq məqsədilə muzey “Maarifləndirmə Ayı”nın başlanmasını elan edir. Bu proqram çərçivəsində ziyarətçilərimiz müxtəlif mövzularda - kitab çapı, bərpası, qorunub saxlanılması və onun tarixi haqqında, eləcə də illüstrasiyalar barədə spesifik elmi məlumatlar əldə edə bilərlər. Aprel ayının 7-si  189-190 N-li tam orta ümumtəhsil məktəbinin şagirdlərin iştirakıyla ilk tədbirimiz keçirildi.

Kitab tarixi haqqında ümümi məlumat əldə etdikdən, sonra qonaqlarımız xüsusi təşkil olunmuş tematik sərgi ilə tanış oldular. Sərgidə ilk dəfə muzey kolleksiyasının fəxri olan və kitab çapı mərhələsindən baradə bəhs edən nadir muzey eksponatları – qədim Misir papirusu, nəfis Quranlar, miniatür və xəttatlıq sənətinin şah əsərləri, Çin kitab nümunələri, yazı ləvazimatları və kitabların saxlamaq üçün istifadə olunan əşyalar, Şərq ədəbiyyatının motivləri əsasında yaradılmış bədii tikmələr və süjetli xalçalar nümayiş olunur.

Maarifləndirmə Ayının açılışının qeyd edilməsi ilə əlaqədar qonaqlar Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin uşaq kollektivinin ifasını dinlədilər. Biz məktəbin rəhbərliyinə və gənc musiqiçilərimizə gözəl ifalarına görə dərin minnətdarlığımızı bildiririk! Daha sonra uşaqlar muzeyin Elmi-bərpa şöbəsinin təcrübəli əməkdaşı Səkinə Manafova tərəfindən kitab “xəstəliyi”, onların bərpası və konservasiyası mərhələləri barədə məlumat əldə etdilər. Ekskursiya və kitab çapının tarixinə səyahətdən, sonra xatirə olaraq uşaqlar rəngli kağızlardan əlfəcinlər hazırladılar.

Qeyd edək ki, “Maarifləndirmə Ayı” boyunca Azərbaycan Milli İncəsənət Muzeyində Kitab Gününə həsr olunmuş həftəlik tədbirlərin keçirilməsi planlaşdırılır.

   

Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında skayp vasitəsilə virtual görüş keçirildi

7 aprel 2017-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında skayp vasitəsilə virtual görüş keçirildi. Görüşdə elmi işlər üzrə direktor müavini Marta Lopatiç, Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin fəal üzvləri və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları iştirak etdilər. Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin əməkdaşı tərəfindən muzeyin ekspozisiyası üzrə eksursiya aparıldı.Daha sonra iştirakçılar arasında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 2016-ci ilin dekabr ayında Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin direktorları Çingiz Fərzəliyev və Dmitri Stus arasında birgə əməkdaşlıq müqaviləsi imzanlanmışdır.

   

Muzeydə "Ailə festivalı" tədbirinin ikinci buraxılışı keçirildi

Azərbaycan Milli İncəsənət Muzeyində 10-12 mart tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, muzeyin və Əsli Səmədovanın müəllifi olduğu "Milli İrsimiz" layihəsinin birgə təşəbbüsü ilə "Ailə festivalı” tədbirinin ikinci buraxılışı keçirildi.

Bu yeni təşəbbüs muzey məfhumunun sərhədlərini genişləndirərək, onu ailəvi istirahət üçün maraqlı məkana çevirmək məqsədi daşıyır. “Ailə festivalı”nın keçirilmə ideyası mədəni vakuumun doldurulmasında və ölkəmizdə ailəvi asudə vaxtın mədəni və əyləncəli keçirilmə məkanı kimi muzeylərin məşhurlaşmasında ilk addım olacaq.

Festivalın ikinci buraxılışı üçün, xüsusi olaraq AMİM-in əməkdaşları və dəvət olunmuş qonaqlar ( Xalq rəssamı Arif Hüseynov, nağıl müəllifləri Kamran Əlioğlu və Fərid Qorxmazoğlu, Fəridə Mustafayeva, Oksana Sergeyeva, rəssam Aydan Məmmədova) və təşkilatlar (“Çələbi brendi”, “Rəsm” zərgərlik brendi, “Kilimçi” klubu, “Sevimli Bala” uşaq klubu, “Family-Tram” portalı )uşaq və valideyn cütlüyünün birgə fəaliyyəti üçün maraqlı fəallıqlar və ustad dərsləri təqdim olundu. Muzeyin Elmi-kütləvi işlər şöbəsinin bələdçiləri muzey kolleksiyası barədə 20 dəqiqəlik mini interaktiv ekskursiyalar təşkil olunub. Proqram çərçivəsində muzeyin daimi sərgisi “Azərbaycan incəsənəti minilliklər boyu” üzərində qurulmuş və Nyu-York Müasir İncəsənət Muzeyinin əməkdaşlarının dəstəyi ilə yaradılan “Rəsmə çevril”, “Xatırlayıram-xatırlamıram”, “Ov-foto”, “Fərqi tap” kimi oyunlar keçirilib.

   

Novruz bayramına həsr edilmiş konsert

18 mart tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Novruz bayramına həsr edilmiş konsert keçirildi. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdlərinin ifasında bayram əhval-ruhiyyəli musiqilər səsləndirildi. 
Böyük zövqlə dinlənən konsertdə görkəmli bəstəkarlar Ü.Hacıbəyovun “Cəngi”, Şopenin “Vals”, F. Əmirovun “Məhəbbət rəqsi”, T. Quliyevin “Bahar nəğməsi” kimi görkəmli dünya və Azərbaycan bəstəkarlarının kompozisiyaları və xalq mahnıları səsləndirildi. Şagirdlərin ifasındakı Ü. Hacıbəyovun “Cəngi”, S. Ələsgərovun “Şalaxo” musiqiləri və “Məhbubəm” xalq mahnısı tamaşaçılar tərəfindən xüsusi rəğbətlə qarşılandı. Tədbirdə surpriz olaraq şagirdləri ilə birgə Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru, Xalq artisti Teymur Göyçayev da çıxış etdi. 
Konsert proqramı başa çatdıqdan sonra tədbirdə iştirak edən “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi və məktəb şagirdlərinin ifalarını yüksək qiymətləndiyini bildirərək, onlara yaradıcılıq uğurları arzuladı. “Total” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Denis Lemarşal qonaqları ilə birgə “Azərbaycan incəsənəti minilliklər boyu” adlı muzeyin daimi sərgisi ilə tanış oldular.

   

Səhifə 4 > 36-dəan