Niyyət Protokolu

30 sentyabr 2016-cı il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin baş direktoru Dmitri Stus ilə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevin arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalandı.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyəti haqqında danışdı. Bildirdi ki, muzeyin 80 illik yubileyi ərəfəsində belə bir protokolun imzalanması əlamətdar hadisələrdən birinə çevrilir. İmzalanacaq protokol birgə əməkdaşlıq, iş təcrübəsi üçün səmərəli şərait yaradacaq və muzey əməkdaşlarının təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyət kəsb edir. Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko çıxışı zamanı müharibələr və hərbi münaqişələr zamanı məhv edilən abidələr, insanların incəsənətə marağı barəsində fikirlərini bölüşdü. O, hərbi sahəyə sərf edilən maliyyənin mədəniyyətə, sənətə həsr edilərək insanları sülhə səsləməsinin tərəfdarı olduğunu dilə gətirdi. Muzeyin baş mühafizi Nailə Rəhimova çıxışı zamanı Azərbaycan Milli İncəsənət Muzeyinin yaranma tarixi və eksponatlar haqqında qonaqlara məlumat verdi.

Tədbirdə çıxış edən Ukraynanın Taras Şevçenko adına Milli muzeyinin baş direktoru Dmitri Stus bildirdi ki, protokol muzeylər arasında yeni mərhələyə rəvac verir. Qarşılıqlı əlaqələr bizi bir-birimizə yaxın edəcək və muzey işi sahəsində təcrübələrimizi bölüşməyə imkan yaradacaq. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev isə imzalanacaq niyyət protokolunun elmi-tədqiqat işi, iş təcrübəsi mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında informasiyanın, elmi-metodiki ədəbiyyatın mübadiləsi sahələrində tərəflərin əməkdaşlığı üçün yeni bir səhifə açdığını bildirdi. Əlaqələrin davamlı olacağını dilə gətirdi. Tədbir muzey direktorları arasında Niyyət Protokolu imzalanma mərasimi ilə sona yetdi.

   

Milli Musiqi Günü

18 sentyabr “Üzeyir musiqi günü” hər il ölkəmizdə təntənəli şəraitdə qeyd edilir. Bu mötəbər gün 1995-ci ildən ümummilli lider Heydər Əliyev tərəfindən “Üzeyir musiqi günü” kimi rəsmiləşdirib. Dünya musiqi xəzinəsinə parlaq incilər bəxş edən Üzeyir Hacıbəyov Azərbaycanda peşəkar musiqinin banisi, bəstəkarlıq məktəbinin, musiqili komediya janrının yaradıcısıdır. Dünya musiqisinə ölümsüz əsərlər bəxş edən dahi Üzeyir Hacıbəyov Şərqdə ilk operanı, operettanın əsasını qoymuş və eyni zamanda Azərbaycanda simfonik orkestri yaradıcısı və dövlət xorunun yaradıcısıdır. Üzeyir Hacıbəyovun yaradıcılığının ən möhtəşəm səhifəsi , bəstəkar Azərbaycan Dövlət himninin müəllifi olmasıdır. Bu gün Azərbaycan bayrağı məhz həmin himnin sədaları altında dünyanın ən mötəbər salonlarında ucalır, səhərlərimiz, həmçinin bütün tədbirlərimiz bu himnin sədaları ilə başlayır. Üzeyir musiqisinin bənzərsizliyindən və ölümsüzlüyündən, xalqın, dövlətin isə qədirbilənliyindəndir ki, hər il sentyabrın 18-də keçirilən keçirilən Üzeyir Musiqi Günləri ənənə halını alıb.

Bu il də “Üzeyir musiqi günü” münasibəti ilə 17 sentyabr Azərbaycan Milli İncəsənət Muzeyində tədbir keçirilmiş, Şuşadan gətirilmiş, güllələnmiş heykəllər üzərinə qızıl güllər və tər qərənfilər düzülmüşdür. Tədbirdə Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və nazirliyin əməkdaşları, muzey və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

   

Yerusəlimdən sevgi ilə

Azərbaycan və İsrail arasında mədəni əlaqələrin daha da inkişafı, mədəniyyət mübadiləsinin güclənməsi məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi və “Aziz” Beynəlxalq İsrail-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində gənc ifaçılar Miriyam Hacıyeva və Yadid Şvarçın “Yerusəlimdən sevgi ilə” adlı klassik musiqi gecəsi keçirilirdi.

Konsertdə dünya bəstəkarları Cakoma Puççininin “Bohema” operasından Musettanın “Quando m'en vo” ariyası, Lüdoviq van Bethovenin “Beşinçi sonatası”, Volfqanq Amadey Motsartın “Hökmdar çoban” operasından Amintanın “L’amero, saro costante” ariyası, Şarl Fransua Qunonun “Romeo və Culyetta” operasından Julyettanın “Je veux vivre” ariyası, Kleman Filiber Leo Delibin “Les filles de Cadix” vokal əsəri, Sergey Raxmaminovun “Zdes xoroşo” və “Ne poy krasavitsa pri mne” romansları, Nikolay Andreyeviç Rimskiy-Korsakovun “Plenivşis rozoy solovey” romansı, Rixard Ştrausun “Morgen” və “Cacilie” əsərləri, Frtis Kreyslerin “Liebesfreud” və “Liebesleid”, “Şon Razmarin” pyesləri, Niyazinin “Arzu” romansı və Moşe Rappaportun “Çalamti et şirat hazamir” əsəri səsləndi.

   

Xalq rəssamı Baba Əliyevin yubiley sərgisi

7 iyun 2016-cı il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Baba Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley sərgisi keçirildi.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan əsərləri ilə yanaşı ailə kolleksiyasında qorunan əsərləri də nümayiş etdirildi.

   

Səhifə 8 > 34-dəan