Xalq rəssamı Davud Kazımovun yubiley sərgisinin açılışı oldu

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Milli İmcəsənət Muzeyində Azərbaycanın Xalq rəssamı Davud Kazımovun yubiley sərgisi keçirildi.

Tədbiri muzeyin direktoru, professor Çingiz Fərzəliyev açaraq Xalq rəssamı D.Kazımovun yubiley sərgisi və nümayiş etdirilən əsərlər haqqında bilgi verdi.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov mərhum D.Kazımovun milli rəssamlıq sənətimizdə özünəməxsus yerindən, çoxşaxəli yaradıcılığından danışdı, onun əsərlərinin əbədiyaşarlığını dilə gətirdi.

Xalq rəssamı Səlhab Məmmədov sənətkarın rəssamlığın müxtəlif janrlarında dəyərli əsərlər yaratdığını söylədi.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov görkəmli rəngkar D.Kazımovun təsviri sənətimizin inkişafında göstərdiyi xidmətlərdən söz açdı. 
Rəssamın oğlu Mehdi Kazımov sərginin təşkili üçün zəhməti keçən hər kəsə sayğısını bildirdi.

Sərgidə rəssamın ““Ana”, “Məhsul yığımı”, “Xurmalarla natürmort”, “Bənövşələr”, “Bağda”, “Xəzərin yeraltı sərvətləri”, “İspan silsiləsindən”, “Bolqarıstan silsiləsindən”, “Şahdağ”, “Göygöl”, “Şamaxı yolu”, “Çöl gülləri”, “Batabat”, “Abşeron mənzərəsi” kimi tabloları nümayiş olunur.

Qeyd edək ki, Xalq rəssamı Davud Kazımov 1926-cı ildə Bakıda dünyaya göz açıb. Sənətin sirlərini ilk olaraq Pionerlər evindəki rəssamlıq dərnəyində alan sənətkar, 1941-1945-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsilini davam etdirmişdir. Onun rəssam kimi yetişməsində müəllimləri K. Xanlarov, B. Mirzəzadə, Ə. Məmmədov, L. Pridatok, A. Qorçakov, S. Bəhlulzadə, M. Rəhmanzadə kimi görkəmli fırça ustalarının əməyi olmuşdur.

Geniş yaradıcılıq diapazonuna malik Davud Kazımov təsviri sənətimizdə orijnal dəsti-xətti, fərdi rəng duyumu, lirizmi ilə özünəməxsus iz qoymuşdur. Görkəmli rəssam rəngkarlıq incəsənətinə olduğu kimi, Azərbaycan qrafika sənətinə də bədii töhfələr vermişdir.

Rəssam Azərbaycan təbiətinin gözəlliklərini, xalqımız entoqrafik incəlikəri və adət-ənənələrini, zəhmət insanlarının həyat tərzini rənglərin dilli ifadə etmişdir. 
Davud Kazımov gərgin yaradıcılıq fəaliyyəti ilə yanaşı, özünün çoxillik zəngin sənət təcrübəsini gənc rəssamlar nəslinin yetişməsinə sərf edərək milli rəssamlıq məktəbinin inkişafına töhfələr vermişdir. 1947-1966-cı illərdə ilk rəssamlıq təhsilini aldığı Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonralar isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoq kimi fəaliyyət göstərmişdir.

Davud Kazımovun bənzərsiz yaradıcılığı nəinki respublikamızda, həm də onun hüdudlarından kənarda yüksək dəyərləndirilmiş və sevilmişdir. Rəssamın əsərləri Almaniya, İtaliya, Çexoslovakiya, Türkiyə və bir çox başqa xarici ölkələrdə böyük müvəffəqiyyətlə nümayiş etdirilmişdir.

Davud Kazımov 2015-ci ildə vəfat etmişdir.


   

“Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin bağlanış mərasimi baş tutdu

 

19 may 2017-ci il tarixində Azərbaycan Milli incəsənət Muzeyinin 80 illik yubileyi çərçivəsində “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin bağlanış mərasimi baş tutdu. Qapalı keçirilən tədbirdə dövlət, mədəniyyət və ictimai xadimləri iştirak etmişdir.

Tədbiri giriş sözüylə açan muzeyin direktoru Çingiz Fərzəliyev Fransa mədəniyyətinin bütün mədəniyyətlər üçün nümunə olduğunu deyib:"Sərginin popurlarlıq qazanacağını əmin idik, ancaq bu dərəcədə sənətsevərlər tərəfindən rəğbətlə qarşılanacağını təsəvvür etmirdik. Muzeyimizdə sərgilər adətən bir ay davam edir, “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin yeddi aydan artıq nümayiş olunmasına baxmayaraq, sərgiyə olan maraq günü-gündən artır. Hər şeyin bir sonu var. Bu gün sərginin bağlanış mərasimi keçirilir. Muzeydə davamlı olaraq kolleksiyamızda qorunub saxlanılan müxtəlif xalqların mədəniyyətinə həsr olunmuş sərgilər keçiriləcək". Çingiz Fərzəliyev çıxışında yapon mütəxəssisləri tərəfindən artirubutsiya olunmuş Yaponiya mədəniyyətinin nəfis nümunələrindən ibarət növbəti sərginin keçirilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

Mərasimdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aurelia Buşez sərginin iki dövlət arasındakı dostluq münasibətləri, mədəniyyətlərarası əlaqələrin göstəricisi olduğunu qeyd etdi: "Səfir olaraq bu sənət məbədində xalqımın mədəniyyətinin nümayişindən böyük şərəf hissi duyuram. Cənab Ç. Fərzəliyevin direktor, eyni zamanda sənət adamı olması sərginin qurulmasında önəmli rol oynamışdır. Ona dərin təşəkkürümüzü bildiririk".

Gecəyə professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında səsələnən Azərbaycan və fransız bəstəkarlarının klassik əsərləri xüsusi rəng qatdı.

Qeyd edək ki, Fransanın “Total” neft-qaz şirkətinin dəstəyi sayəsində reallaşan sərgi ötən ilin noyabrın 26-dan mədəniyyətsevərlərə təqdim edilmişdir. Sərginin kuratoru Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.

   

Unudulmuş Unudulmaz

18 mayı dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzeylər Günü kimi qeyd edir. Bu il Beynəlxalq Muzeylər günü "Muzeylər və mübahisəli tarixi məqamlar: Muzeylərdə deyilməyənlərin səslənməsi" şüarına uyğun olaraq İCOM Azərbaycana daxil olan muzeylər "1920-50-ci illərdə repressiyalar" adlı vahid mövzuda tədbirlər keçirir.
Azərbaycan Milli İncəsənət Muzeyində 18 may “Beynəlxalq Muzeylər günü” münasibəti ilə “Unudulmuş Unudulmaz” adlı sərgi keçiriləcək. 
Bu layihə XX əsrin I yarısında sovet rəhbərliyi tərəfindən həyata keçirilmış repressiya qurbanlarına həsr olunur. Repressiya dəhşəti stalinizm dövründə yaşamış bütün xalqların və fərdlərin taleləri və ürəklərində dərin iz buraxıb. Məlumdur ki, bu illərdə Azərbaycan ərazisindən sürgünə 100 mindən çox ziyalıları, mədəniyyət, incəsənət, din xadimlərini və eləcə də alimləri, yazıçıları, müəllimləri Sibirə, Qazaxıstana və SSRİ-nin digər uzaq məntəqələrinə göndərmişdilər. Onları "panislamist", "pantürkist", "xalq düşməni" adlandıraraq sürgünə yollayırdılar. Azərbaycanda 1930-1950-ci illərdə 70 minə qədər insan həbs edilib, onlardan 29 mini ziyalı idi. 
Repressiya Azərbaycan rəssamlarına və onların ailələrinə də toxunub, onlar repressiya dalğasının günahsız qurbanlarına çevrilmişlər. Sərgidə Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qətl və sürgünlərə məruz qalmış rəssamların əsərləri yer almacaqdır.
Sərgidə sürgün edilənlər sırasında olan Rzaquliyev Ələkbər Ələsgər oğlu (1903-1974), Haqverdiyev Həsən Əli oğlu (1907-1978), eləcə də valideynlərinin “antisovet fəaliyyəti”nə görə repressiyanın günahsız qurbanları olmuş Nərimanbəyov Vidadi Yaqub oğlu (1926-2001), Nərimanbəyov Toğrul Fərman oğlu (1930-2013), Sadıqzadə Oqtay Seyid Hüseyn oğlu (1921-2014), Sadıqzadə Toğrul Seyid Hüseyn oğlu (1926-1995), Salahov Tahir Teymur oğlu (1928) kimi rəssamların əsərləri nümayiş olunacaq. Tədbir çərçivəsində eyni zamanda onların həyat və yaradıcılıqları barədə geniş məlumat veriləcəkdir. 
Vernisajda Ə. Rzaquliyevin “Aşıq Ələsgər”, “Kəllin nallanması”, O. Sadıqzadənin “Qızlar bulağında”, “Aylı gecə”, T. Nərimanbəyovun “Muğam”, “Bahar”, “Sevinc”, T. Salahovun “Çənlər”, “Səhər eşalonu”, H.Haqverdiyev “Bahar”, “İki göyərçin”, V. Nərimanbəyovun “Xatirə”, “Yolda”, T.Sadıqzadənin “Xoşbəxtlik”, H. Nəzərov “Bizim dağlar”, “Şair Mikayıl Müşviqin portreti” kimi 70-dən çox rəngkarlıq və qrafik əsərləri nümayiş olunacaq.
Tədbir 18 may 2017-ci il tarixində, saat 16.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 9/11 ünvanında keçiriləcək.

   

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii-musiqili gecə keçirildi

4 may 2017- ci il tarixində Bakı Xoreoqrafiya Akademiyası və Azərbaycan Milli İncəsənət Muzeyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş bədii-musiqili gecə keçirdi.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib. Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycanın mədəniyyətinin, incəsənətinin tərəqqisi, dünyada tanınması üçün müstəsna xidmətlər göstərib. Bu diqqət və qayğının mühüm bir hissəsi Azərbaycan musiqisinin inkişafı ilə bağlı olub.

Heydər Əliyev xalqımızın dərin köklərə malik olan milli musiqisinin və eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə əvəzsiz xidmətlər məhz Heydər Əliyevin adı ilə bağlıdır.

Məhz buna görə tədbirdə Ulu öndərin həyat və fəaliyyəti, eləcə də mədəniyyətə, incəsənətə bağlılığı, verdiyi yüksək dəyər və qayğısı, onun zəngin mənəvi dünyası barədə söz açıldı.

Bədii hissədə isə Bakı Xoreoqrafiya Akademiyasının professor-müəllim heyəti və instrumental ifaçılıq ixtisası üzrə təhsil alan magistr tələbələrin iştirakı ilə dünya klassik musiqisinin nümunələrindən ibarət konsert proqramı təqdim edildi.

   

Səhifə 2 > 36-dəan